Accessibility links

Baş nazir Netanyahu və rəqibi Qantz birgə hökumət haqda razılığa gəlib


Üç nəticəsiz seçkidən sonra İsrailin Baş Naziri Benyamin Netanyahu ilə keçmiş hərbi qərargah rəisi Benni Qantz bir araya gələrək birgə hökumət qurmağa razı olublar.

Likud sağçı partiyasını təmsil edən Netanyahu İsrailin baş naziri olaraq qalacaq, “Mavi və Ağ partiya”nın lideri Qantz isə müdafiə naziri və baş nazirin müavini vəzifələrini icra edəcək. 18 aydan sonra Qantz baş nazir vəzifəsini icra edəcək.

Sözügedən razılaşma bir çox Qantz tərəfdarları üçün sürpriz olub. Qantz bir müddət əvvəl cinayət işi açılan baş nazirlə birlikdə işləməyəcəyini bildirmişdi.

Netanyahu üç korrupsiya halı, dələduzluq və rüşvət ittihamı ilə üzləşib. Koronavirus böhranı zamanı məhkəmələr dayandırılıb və məhkəmə prosesinin başlaması təxirə salınıb.

Qantz millət vəkillərinin daha çox dəstəyini alaraq, ilk olaraq koalisiya hökuməti təklifini verib və Netanyahunun baş nazir vəzifəsinə son qoymağı planlaşdırırdı. Lakin koronavirus təhlükəsinin artması ilə o, Netanyahunun birlik hökuməti təklifini qəbul edib.

"Dördüncü seçkinin qarşısını aldıq" deyə, Qantz Tvitter-də yazıb. "Biz demokratiyanı qoruyacağıq. Koronavirusla mübarizə aparacağıq və bütün İsrail vətəndaşlarına qayğı göstərəcəyik" – deyə, o əlavə edib.

İyulun 1-dən etibarən Netanyahunun ABŞ-la əldə etdiyi İordan çayının Qərb Sahilinin bəzi hissələrinin ilhaq edilməsi ilə bağlı hər hansı razılığı Nazirlər Kabinetinə, sonra isə səsvermə üçün parlamentə təqdim etməsinə icazə veriləcək. Təhlükəsizlik Kabineti və hökumət iki tərəfin bərabər təmsilçiliyinə sahib olacaq. Pandemiya ilə mübarizə aparan Netanyahu və Qantzın rəhbərliyi ilə koronavirus kabineti yaradılacaq.

Bazar ertəsi razılaşması bir ildən az müddətdə dördüncü seçkinin keçirilməsinin qarşısını alacaq. Razılaşmanın İsrail parlamentində təsdiqlənəcəyi gözlənilir.

XS
SM
MD
LG