Accessibility links

Baş nazir, Pravoslav kilsəsinin rəhbəri - Latviya KQB-sinin gizli arxivlərində daha kimlərin adları aşkarlanıb?


Bir neçə gün əvvəl Latviyada respublika KQB-sinin kartotekasının bir hissəsi, o cümlədən casusların və Sovet xüsusi xidmətləri ilə əlaqədə olan insanların şəxsi məlumatları dərc edilib. Kartotekada 10,500 adamın adı var. Tədqiqatçılar artıq onların arasında olanların bir neçəsinin adlarını araşdırıblar.

  • 1990-1993 və 2007-2009-ci illərdə Latviyanın baş naziri olmuş İvar Qodmanis. Onun təxəllüsü “Puqulis” olub. O, maliyyə naziri olub və Latviya prezidentliyinə namizədliyini irəli sürüb, lakin sonradan namizədliyini geri götürüb;
  • Basketbol üzrə SSRİ yığmasının kapitanı Valdis Valters;
  • Dauqavpilsin sabiq meri Rixard Eyiqims;
  • Latviyanın vaxtilə ən varlı adamı, 2002-ci ildə 9 il həbs cəzası alan “Bank Baltiya”nın ən böyük səhmdarı və direktorlar şurasının sədri Aleksandr Lavent;
  • Latviya Pravoslav kilsəsinin rəhbəri Riqa mitropoliti Aleksandr Kudryaşov. Kartotekada o “Qiraətçi” gizli ləqəbi ilə işlədiyi və 1982-ci ildə titulunu aldıqdan dərhal sonra KQB ilə əməkdaşlığa başlaması qeyd olunub
Aleksandr Kudryaşovun məlumatları
Aleksandr Kudryaşovun məlumatları

KQB kartotekasında həmçinin Rus Pravoslav kilsəsinin digər tanınmış nümayəndəsi, qizli sənədlərdə “Anatoliy” ləqəbi ilə qeyd edilmiş İvan Mirolyubovun da adı var. Bu məlumatlar Mokskva patriarxatın xarici kilsələrarası münasibətlər şöbəsinin əməkdaşının verdiyi məlumatlara da uyğun gəlir. Mirolyubov əslən Riqadandır.

Video: Latviya KQB-sinin gizli arxivlərində daha kimlərin adları aşkarlanıb?

Andreys Ermuyja 20 ildir ki, KQB arxivlərinin ictimailəşdirilməsini gözləyirdi. 1949-cu ildə onu ailəsiylə bərabər Sibirə sürgün ediblər. O, Lativiyaya 1950-ci illərin sonu qayıda bilib. Daha sonra Elmlər Akademiyasında çalışmış Ermuyja deyir ki, kolleqalarının və qohumlarının vəzilərinin KQB agentləri olduğunu öyrənmək onun üçün şok idi.

“Bəzilərini həqiqətən məcbur ediblər. Digərləri isə bundan faydalanmaq istəyirdilər. Məsələn, xaricə getmək və s.” – deyə Latviyanın repressiya qurbanları cəmiyyətinin üzvü Ermuyja bildirir: “Amma mənim üçün sonda özününkülərini satmayan, müstəqil Latviya ideyasını dəstəkləyən insanların kim olduğunu bilmək vacibdir. Doğrudur, o zaman müstəqiliyə çox adam inanmırdı.”

Adları kartotekada olan insanların heç də hamısı xüsusi xidmət orqanlarının “agentləri” deyildi. Arnolds Babris əmin edir ki, siyahıda olanların hər birinin KQB-yə məlumat ötürdüyünü və ya hansısa xüsusi tapşırıq həyata keçirdiyini iddia etmək doğru deyil. Babrisin daha öncədən KQB arxivlərinə çıxışı var idi və o kartotekanın ictimailəşdirilməsinin qəti əleyhdarı idi.

“Əgər siz insanın KQB agenti olaraq nə işlə məşğul olduğunu dəqiq bilmirsinizsə, siz onu diqqət mərkəzinə qoya bilərsiniz və nəticədə həmin insan əziyyət çəkə bilər.” – deyə Babris vurğulayır: “İnsanlar var idi ki, fəaliyyətlərinin növünə görə KQB agentləri olmalı və minimal xidmətlər göstərməli idilər.”

Babris izah edir ki, insan əgər xaricə getmək istəyirdisə, məsuliyyətli vəzifə icra edirdisə, radio və ya televiziyada çalışırdısa o zaman KQB kartotekasına düşə bilərdi. Bəzi hallarda isə potensial agent özü barəsində kartotekada məlumatın olduğundan xəbərsiz ola bilərdi.

“Təsəvvür edin ki, KQB əməkdaşı həmin insanla görüşüb, nəyisə müzakirə edə bilərdi. Bu halda həmin şəxs rəsmi siyahıya salındığını anlamaya bilərdi. Belə hallar olurdu.” – deyə Babris bildirir.

Latviya KQB-si arxivinin daha bir hissəsi 2019-cu ilin yazında ictimailəşdiriləcək

XS
SM
MD
LG