Accessibility links

Baş prokuror Gəncə hadisələri, deputat mandatı və Fuad Qəhrəmanlı ilə bağlı açıqlama verib


Baş prokuror Zakir Qaralov
Baş prokuror Zakir Qaralov

“Gəncə hadisələri ilə bağlı humanist qərarlar onların günahsız olması demək deyil”

Gəncə şəhərinin sabiq icra başçısına qarşı törədilən terror aktı, həmin terror aktını dəstəkləyən, kütləvi iğtişaşlar törətmək istəyənlər dini-radikal qüvvələrdir.

Bu barədə oktyabrın 1-də Azərbaycanın baş prokuroru Zakir Qaralov jurnalistlərin sualının cavabında bildirib.

This image contains sensitive content which some people may find offensive or disturbing.
"Gəncə işi"ndə ittiham olunanlar (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)
"Gəncə işi"ndə ittiham olunanlar (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)
This image contains sensitive content which some people may find offensive or disturbing - Click to reveal
"Gəncə işi"ndə ittiham olunanlar (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)

Onun sözlərinə gösə. Gəncədə baş verən hadisələrlə bağlı prokurorluq istintaq aparıb və kifayət qədər sübut əldə edib.

“Məhkəmə prosesi yekunlaşdığına görə qeyd edə bilərəm ki, onların cinayətləri tam sübuta yetirilib. Məhkəmə sözsüz ki, hər bir təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, bundan əvvəlki fəaliyyətini nəzərə alaraq qərar qəbul edir. Qəbul edilmiş humanist qərarlar onların günahsız olması demək deyil,” Qaralov qeyd edib.

2018-ci il iyulun 3-də Gəncədə şəhərin icra hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncə şəhər icra hakimiyyətinin binası qarşısında Vəliyevə qarşı etiraz aksiyası təyin edilib.

Elə həmin gün Daxili İşlər Nazirliyi Gəncədə iğtişaşlar baş verdiyi, iki yüksək rütbəli polis əməkdaşının qətlə yetirildiyi barədə məlumat yayıb. Daha sonra dindarlar və digər şəxslər arasında kütləvi həbslər aparılıb.

2019-cu il iyulun 31-də baş prokuror Zakir Qaralov Elmar Vəliyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvünün cinayət məsuliyyətinə cəlb edildiyini, 11 nəfər barəsində beynəlxalq axtarış elan edildiyini bildirib. 10 iyul hadisələri ilə bağlı 60 nəfər barəsində 8 cinayət işi üzrə istintaq yekunlaşdırılıb və işlər məhkəmələrə göndərilib.

Təqsirləndirilən şəxslər müxtəlif müddətli həbs cəzalarına məhkum edilib. Sonradan apellyasiya məhkəməsi işin 10 fiqurantını həbsdən azad edib, çoxsaylı insanın həbs müddətini azaldıb.

Rafael Cəbrayılovun məsələsi prokurorluqda da araşdırıla bilər

Baş prokuror deputat mandatından imtina edən Rafael Cəbrayılovla bağlı sualın cavabında deyib ki, Mərkəzi Seçki Komissiyası fəaliyyətinə xitam verdikdən sonra onunla bağlı məsələ müzakirə olunacaq.

“Onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər. Hazırda iddia ərizəsinə mülki qaydada baxılır. Məhkəmədə dələduzluq və digər cinayətləri müəyyən edilsə, barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Daha sonra Baş Prokurorluqda araşdırma aparılacaq," o deyib.

Sentyabrın 30-da Milli Məclisin plenar iclasında Rafael Cəbrayılovun mandatından imtina etməsi ilə bağlı parlamentə müraciəti təqdim edilib.

Sosial şəbəkələrdə deputat Cəbrayılovun 300 min dollar borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı səs yazısı yayılıb. Bu geniş tənqidlərə yol açıb.

Deputat Təranə Fətəliyeva adlı şəxsdən ev tikmək üçün notariat qaydasında 300 min ABŞ dolları məbləğində borc alıb. Borcu vaxtında ödəyə bilmədiyi üçün zəmanət kimi deputat vəsiqəsini girov qoyub. Bundan başqa Cəbrayılov Xatirə Nəcəfova adlı daha bir qadından da borc aldığı bildirilir.

Baş prokuror: Özlərini hüquq müdafiəçisi kimi təqdim edən şəxslər ailələrində vəhşi hərəkətlər etdiklərinə görə cəza almalıdır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının ailə üzvlərinə qarşı fiziki təzyiq etməsi ilə bağlı sualın cavabında Qaralov bildirib ki, Qəhrəmanlı barəsində QHT-lərin müraciəti Baş Prokurorluqda baxılma ərəfəsindədir.

“Qadın və uşaq hüquqlarını müdafiə edən Qeyri Hökumət Təşkilatları Fuad Qəhrəmanlının öz ailə üzvlərinə qarşı törətdiyi iztirablar, işgəncələr, ağır xəsarətlər yetirməsi ilə bağlı Baş Prokurorluğa müraciət edib. Həmin müraciət hazırda Baş Prokurorluqda baxılma ərəfəsindədir. İlk növbədə zərərçəkənlərin rəsmi mövqeyini öyrənməliyik. Həm həyat yoldaşının, həm də azyaşlı qızının rəsmi mövqeyini öyrənəndən sonra qanun çərçivəsində qərar qəbul olunacaq."

Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

Baş prokuror deyib ki, özünü müxalifət adlandıran, vətəndaşların hüquqlarının müdafiəsi üzrə özlərini daim cəmiyyətə təqdim edən şəxslər öz ailələrində bu cür qanunsuz və vəhşi hərəkətlər etdiklərinə görə cəza almalıdırlar.

"Bizdə olan məlumata görə, həmin partiyanın rəhbərinin də bundan xəbəri olub. Təəssüflər olsun ki, onlar da vaxtında bir tədbir görməyiblər və heç bir məlumat verməyiblər," Qaralov qeyd edib.

AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı bildirib ki, indiyə qədər onu ittiham edən tərəflə bağlı keçmişi nəzərə alıb, heç bir mənfi fikir deməyib və bundan sonra da deməyəcək.

İndi aydın oldu ki, bu hadisədən istifadə edib, üstümə gəlib AXCP sədrinin müavinliyindən istefamı tələb edənlərə komanda haradan verilibmiş.
Fuad Qəhrəmanlının cavabından sitat


“Xahiş edirəm kimsə də deməsin. Ancaq zorakılıqla bağlı deyilənlər əsassızdır və detallara varmağı özümə sığışdırmıram. İndi aydın oldu ki, bu hadisədən istifadə edib, üstümə gəlib AXCP sədrinin müavinliyindən istefamı tələb edənlərə komanda haradan verilibmiş. Cəmiyyətin mənə dəstəyini görüb məyus oldular və son çarə kimi indi də bu yolla işlərini başa çatdırmağa çalışırlar. Kütləvi psixoza düşüb oyuna gətirilənlər indi anladılarmı ki, mənim istefam kimə lazımmış?” Qəhrəmanlı facebook səhifəsində sual edib.

Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur da baş prokurorun açıqlamasına münasibət bildirib ki, QHT-lərin və Zakir Qaralov dediklərinə geniş açıqlama verməyəcək.

"Sadəcə, Zakir Qaralova yaxında mən də "Bandotdel" lə (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkalıqla Mübarizə idarəsi-red) bağlı müraciət edəcəm ki, bu idarədəki işgəncə faktları üzrə araşdırmaya başlasınlar. QHT-lərə də səslənəcəm ki, bu işdə məni dəstəkləsinlər,” o facebook səhifəsində yazıb.

Bu günlərdə Fuad Qəhrəmanlının qızı atasının anasını və qızlarını fiziki təzyiqlərə məruz qoyması ilə bağlı bəyanatla çıxış edib. Onun bəyanatından belə aydın olur ki, hadisə bir neçə il əvvələ təsadüf edir. Qızının bəyanatından sonra Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verib.

XS
SM
MD
LG