Accessibility links

Baş Prokurorluq ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiya təşkil edən 8 nəfərin həbs edildiyini bildirir


Ramin Hacılı və digər 7 nəfər insanların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etdiyinə görə həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinibn məlumatına görə, Azərbaycan ərazisini tərk edən vətəndaşların xarici ölkələrdə qanunsuz “siyasi sığınacaq” almalarının təşkil edilməsi faktları ilə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

“İstintaqla müəyyən edilib ki, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər,” mətbuat xidməti qeyd edir.

Baş Prokurorluq bildirir ki, eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunan Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Həbs edilən şəxslərin vəkilləri və ailə üzvləri Baş Prokurorluğun məlumatı ilə bağlı hələ açıqlama verməyib.

Bununla yanaşı, Ramin Hacılının keçmiş həyat yoldaşı Aysel Aydın Əlizadə Facebook səhifəsində yazıb ki, beş ildi Ramin Hacılıya qarşı dayanmadan cinayət işi açılır.

“O məhkəmə bitir, bu məhkəmə başlayır. Nə boyda cinayətkar imiş Ramin Hacılı. Kiməsə cinayətkar lazımdırsa bütün ölkə bilir bu ölkədə kimlərdir cinayətkarlar, yerlərini deyək gedib araşdırıb tutun. Dünən çağırıblar adamı. O da nə bilsin ki, tutmağa çağırırlar. Durub gedib. Gecəyəcən saxlayıblar, gecə saat 12-də məhkəmə keçiriblər, həbs veriblər. Psixologiyam pozulub artıq bu mövzudan. Nə qədər olar axı. Bu problemlərə görə yaşaya da bilmədik, ikimizin də əsəbi pozuldu, ayrıldıq. Amma mən onu tək qoya da bilmirəm axı, başa düşürsüz?” o qeyd edib.

Ramin Hacılı istimai-siyasi fəal olub. O, Dalğa Gənclər Hərəkatının, Azərbaycan Avropa Hərəkatının rəhbəri, Demokratik İslahatlar və Ümid partiyalarının rəhbərliyində təmsil olunub.

Ona qarşı ilk dəfə 2017-ci ildə ittiham irəli sürülüb.

Belə ki, 2017-ci il oktyabrın 12-də Bakının Nəsimi Rayon Məhkəməsi Hacılını vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə təqsirli bilib və 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verib.

Cinayət işinin başlanmasına səbəb kimi Ramin Hacılının ABŞ-a getməyə viza almaq istəyənlər üçün ABŞ-ın Azərbaycandakı Səfirliyinin Konsulluq şöbəsinə saxta sənədlər təqdim etməsi göstərilib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG