Accessibility links

Baş Prokurorluq erkən nikah halları ilə bağlı videomüraciət yayıb


nikah

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti erkən nikah halları ilə bağlı videomüraciət yayıb.

Videomüracitdə deyilir ki, görülmüş tədbirlərə baxmayaraq ölkədə qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi hələ də problem olaraq qalmaqdadır.

“Erkən nikahlar əksər hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Ailə Məcəlləsinin 10-cu maddəsi qadınlar üçün nikah yaş həddini 18 yaş tamam olduqdan sonra təyin etmişdir. Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı uşağa qarşı törədilən zorakılıqdır,” müraciətdə qeyd edilir.

Baş Prokurorluq hesab edir ki, bu kimi neqativ halların artmaması, qarşısının alınması hər bir insanın əlindədir.

“Erkən nikah halları ilə üzləşdikdə dərhal "961" Çağrı Mərkəzi və ya Baş Prokurorluğun sosial şəbəkələrdəki hesabları vasitəsilə müraciət edin!” prokurorluq bildirir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə ölkədə 63819 şəxs rəsmi nikaha daxil olub. Nikaha daxil olanlardan 366 qadın 1 kişi 18 yaşadək olanlardır. Amma, ekspertlər hesab edir ki, rəsmi statistika reallığı əks etdirmir.

Eyni zamanda, müşahidəçilər ölkədə son zamanlar qadın hüquqları müdafiəçilərinin fəal mübarizəsi və rəsmi qurumların sərt yanaşması nəticəsində 18 yaşadək olan nikahların sayının dəfələrlə azaldığının müşahidə edildiyni bildirir. Rəsmi statistikaya görə, 2009-cu ildə ölkədə 18 yaşadək nikaha daxil olanların sayı 5380 nəfər olub.

Azərbaycanın Sosial Tədqiqatlar Mərkəzi hesab edir ki, erkən nikah Azərbaycanın ailə genefonduna təsiri baxımından aktual problem kimi qalmaqdadır.

Mərkəz erkən nikahın qarşısını almaq üçün ilk növbədə rayon və kənd yerlərində, məktəblərdə ciddi maarifləndirmə işləri aparılmasını vacib sayır.

“Belə olanda valideyn həm tibbi, həm dini, həm də elmi cəhətdən övladını nəyə sövq etdiyinin fərqində olacaqdır. İnsanlar hərtərəfli məlumat aldığı zaman övladını erkən nikaha məcbur etməyin hansı nəticələr verə biləcəyini anlayacaqlar. Maarifləndirmənin əsas məqsədi erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaratdığını və böyük fəsadlara yol açdığını aşılamaq olmalıdır,” mərkəzin ‘Erkən nikahların səbəbləri və fəsadları” hesabatında deyilir.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG