Accessibility links

Baş Prokurorluq jurnalistin həyat yoldaşına və bəzi media qurumlarına xəbərdarlıq edib


Əfqan Sadıqov və həyat yoldaşı Sevinc Sadıqova

Azərbaycan Baş Prokurorluğu həbsdə olan jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqovanı və bəzi kütləvi infortmasiya vasitələrini mənbəyi məlum olmayan məlumatlar yaymamağa çağırıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında deyilir ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə jurnalist Əfqan Sadıqovun təqsirləndirildiyi cinayət işi üzrə onun həyat yoldaşı Sevinc Sadıqova və “özünü müxalifət adlandıran bəzi məsuliyyətsiz qruplaşmalar” tərəfindən ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etmək məqsədi güdən bəyanatların yayılması ilə Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət orqanlarına qarşı böhtan və qarayaxma kampaniyası aparılaraq həyata keçirilən hüquqi tədbirlərin üzərinə kölgə salmağa yönələn məlumatlar yayılır.

“Baş Prokurorluq bir daha həqiqətə uyğun olmayan informasiyaları yaymaqla ictimai çaşqınlığa səbəb olan kütləvi informasiya vasitələrini bu sahədə milli qanunvericiliyin tələblərinə riayət etməyə, dəqiqləşdirilməmiş, qərəzli, mənbəyi məlum olmayan, konkret hadisələrin mahiyyətini təhrif edən informasiyaların yayımlanmasına yol verməməyə çağırır. Eyni zamanda, Baş Prokurorluq bu tipli yalan və qərəzli məlumatları yayan, habelə sosial şəbəkə və kütləvi informasiya vasitələrinə ötürən şəxslərə, o cümlədən vətəndaş Sevinc Sadıqovaya həmin qanunsuz əməllərin davam etdiriləcəyi təqdirdə barələrində hüquqi təsir tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edərək onları bu növ hüquqazidd hərəkətlərdən çəkinməyə çağırır,” məlumatda qeyd edilir.

Son günlər Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova təhdid edildiyi barədə sosial şəbəkələrdə və yerli mediada məlumatlar yayır.

“Onlar məni bədənimin görüntüsünü çıxarıb yayacaqları ilə bağlı təhdid edirlər. Onlar düşünürlər ki, məni bu yolla susdura biləcəklər.”

Sadıqova bildirib ki, onu həyat yoldaşının aclığı dayandırması üçün təsir etməyə məcbur edirlər.

“Mən də istərdim ki, Əfqan aclığı dayandırsın, amma başqa çıxış yolu olmadığı üçün mübarizəsini bu cür aparacağını deyir. Onun mübarizəsindən dönməyəcəyini gördüyüm üçün dəstək olmağa qərar verdim. Başıma nə gəlirsə-gəlsin sonadək onu müdafiə edəcəm. Mən gündəlik həyatımda hansısa kafeyə gedirəmsə, mənə qulluq edən ofisant, hətta görüşdüyüm dostumun yanındakı şəxs də DTX əməkdaşı olur. Evdən çıxdığım zaman arxamdan gələrək məni təqib edirlər, həyatımı cəhənnəmə çeviriblər. Məni hətta uşaqlarımla təhdid edərək bildirirlər ki, 16-cı mərtəbədən yıxılan yeniyetmələri düşün. Artıq bundan sonra mənim susmağım mümkün deyil”, o qeyd edib.

Sadıqovanın bu bəynatlarına Dövlət Təhlükəsizliyi Xidməti hələ münasibət bildirməyib.

Baş Prokurorluğun Mətbuat xidməti bildirir ki, “xəbərfakt.az” internet xəbər portalının baş redaktoru Sakit Muradov və “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov qabaqcadan əlbir olaraq barələrində rüsvayedici məlumatları silsilə məqalələrlə yayacaqları hədəsi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə görüşərək həmin məlumatların yayımlanmaması müqabilində 10 min manatı alarkən cinayət başında yaxalanıb.

Əfqan Sadıqov və Sakit Muradov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2020-ci il tarixli hökmü ilə Əfqan Sadıqov 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərarı ilə hökm Əfqan Sadıqova münasibətdə dəyişdirilməklə, təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 ilə endirilib.

“Habelə həmin hökmlə Sakit Muradov qeyd edilən maddələrlə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, ibtidai istintaq və məhkəmə baxışı zamanı nümayiş etdirdiyi səmimi etiraf, peşmançılıq və digər bu kimi yüngülləşdirici hallar nəzərə alınaraq ona təyin edilmiş cəza cinayət qanunvericiliyinə müvafiq olaraq 3 il sınaq müddəti ilə şərti hesab edilib,” Mətbuat Xidməti bildirib.

Əfqan Sadıqov 2020-ci il noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə etiraz olaraq aclığa başladığını elan edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur,” jurnalist məhkəmədə deyib.

Onun artıq 147 gündür aclıq etdiyi bildirilir.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir.

Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG