Accessibility links

Baş Prokurorluq: Qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır


Qadınlara qarşı zorakılıq halları ilə bağlı Azərbaycan Baş Prokurorluğu video müraciət yayıb.

Müraciətdə deyilir ki, qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır.

“Təəssüflər olsun ki, təkcə 2021-ci ilin I yarımili ərzində baş vermiş qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkmişdir.
Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır!
Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun "961" Çağrı Mərkəzinə müraciət et!
#qadınzorakılığınasusma” müraciətdə deyilir.

Son bir neçə ildə ölkədə feminizm hərəkatı genişlənib. Feminist fəallar qadın azadlıqları uğrunda bir neçə kütləvi aksiya keçirib.

Sonuncu belə bir aksiya Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin binası qarşısında avqustun 3-də həyat yoldaşı tərəfindən qətlə yetirilən Sevinc Məhərrəmovaya qarşı zorakılığın qarşısının vaxtında alınmaması və avqustun 4-də aksiya keçirən qadın fəallara qarşı qeyri-insani rəftara etiraz olaraq keçirilib.

Aksiyada “Qatil sistem, qatilləri qoruyur!” şüarı səsləndirilib.

Yerli qadın hüquqları müdafiəçiləri hesab edir ki, Azərbaycanda qadınların tənqidi səsləri eşidilmir.

Onlar hesab edir ki, cəzasızlıq davam etdikcə, insanlar lazimi qaydada cəza görməyincə qadın qətlləri artmaqda davam edəcək. Yerli ekspertlər Azərbaycanın İstanbul konvensiyasına qoşulmasını labüd sayır.

XS
SM
MD
LG