Accessibility links

Baş Prokurorluq Xan çinarının budağının qırılması barədə açıqlama yayıb


İyulun 14-də Şəki Xan Sarayı ərazisində baş vermiş hadisədə 19 nəfər xəsarət alıb

Baş Prokurorluq Şəki Xan Sarayı abidəsinin ərazisində ağacın budaqlarının qırılması nəticəsində 19 nəfərin xəsarət alması ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, hadisə yerinə baxış keçirilib, qırılmış budaqlardan nümunələr, habelə digər əhəmiyyət kəsb edən maddi sübutlar və izlər götürülüb, mütəxəssislərin ilkin rəyləri alınıb:

"Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, hündürlüyü 34 metr olan Xan çinarının 21 metr hündürlükdə yerləşən 0.5 metr diametrli budağı qəflətən qoparaq aşağıda - 17 metr hündürlükdə olan nisbətən kiçik diametrli budağı da qıraraq insanların üzərinə düşmüşdür. Mütəxəssislərin ilkin rəyinə əsasən, budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub".

Prokurorluq bildirir ki, qırılmış əsas budaq sağlam olmuş, qurumağa və hansısa fiziki təsirlərə məruz qalmamışdır: "Həmin budaqlarda virus və ya bakterioloji proseslərin gedib-getməməsinin müəyyən edilməsi üçün budaqlardan nümunələr götürülərək… məhkəmə-bioloji və məhkəmə-trasoloji ekspertizaları təyin edilmişdir."

İyulun 14-də güclü külək Şəki şəhərində (Bakıdan 530 kilometr şimal-qərb) Xan Sarayının qarşısında 500-dək yaşı olan çinar ağacının budağını qoparıb. Nəticədə 19 nəfər xəsarət alıb.

Xəsarət alanlar arasında Azərbaycan vətəndaşları ilə yanaşı, xarici turistlər də var.

Tarixi məkan olan Şəki Xan Sarayı bir həftə əvvəl UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu tarixi abidənin yerləşdiyi əraziyə hər zaman çoxsaylı insanlar səyahət edir. Bazar günləri isə burada daha da sıxlıq olur.

Səhiyyə Nazirliyinin məlumatına görə, xəsarət alan 19 nəfər xəstəxanaya müraciət edib. Müraciət edən şəxslərdən iki nəfəri xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi isə hazırda davam etdirilir.

Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə gedib.

Sarayın həyətindəki Xan Çinarı 1530-cu ildə əkilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG