Accessibility links

Baş redaktor 5 il 6 ay həbsə məhkum edilib


İkram Rəhimov

İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə realliq.info saytının baş redaktoru İkram Rəhimov 5 il 6 ay həbsə məhkum edilib. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (təhdid yolu ilə pul tələb etmək, təkrarən törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Dövlət ittihamçısı baş redaktora 6.5 il həbs istəmişdi.

Rəhimov özünü təqsirli bilmir. Hökmdən öncə məhkəmədə son sözündə deyib ki, həbsdə olmasının səbəbi cinayət törətməsi yox, prezidentin köməkçisi Əli Həsənov və onun adamlarının maraqlarına toxunması, dövlət büdcəsindən mediaya ayrılan pulların mənimsənilməsi barədə araşdırma yazılarıdır.

"Təsadüfi deyil ki, 2018-ci il oktyabrın 26-da realliq.info saytında "Əli Həsənova açıq məktub - özümü sizin yerinizə qoya bilmədim" başlıqlı yazıdan dörd saat sonra həbs olundum," jurnalist son sözündə deyib.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi jurnalist barədə həbs qətimkan tədbiri seçib.

İttihamda yazılıb ki, o, saytda tabeliyində olan şəxslərlə birlikdə realliq.info və başqa reket saytlar yaradıb. Həmin portallarda müxtəlif adamlar haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib, onlardan pul alıb. Hədələnən adamların sonradan Dövlət Təhlükəszilik Xidmətinə şikayət etdiyi və bunun əsasında əməliyyat keçirildiyi bildirilir.

Amma Rəhimov ittihamı rədd edir və prezidentin köməkçisi Əli Həsənov və Mətbuat Şurasının sədri Əflatun Amaşovun sifarişi ilə həbs olunduğunu iddia edir. O, həbsindən öncə "Turan" İnformasiya Agentliyinə izlənməsi barədə açıqlama verib.

Prezidentin köməkçisi jurnalistin dediklərinə münasibət bildirməyib. Ancaq Mətbuat Şurası onun açıqlamalarını əsassız sayıb.

Rəhimov 2016-cı ildə "böhtan" ittihamı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib, daha sonra vaxtından əvvəl azadlığa buraxılıb.

XS
SM
MD
LG