Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidməti məlumatı təsdiq edib.
Rasim Quliyevin qardaşı Bəhruz Quliyev bildirib ki, Rasim Quliyevin barəsində Cinayət Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Bəhruz Quliyev qərarla razılaşmadıqlarını və apellyasiya şikayəti verəcəklərini deyib.
“Səs” qəzetinin baş redaktoru olan Bəhruz Quliyev qeyd edib ki, qardaşı aprelin 2-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rasim Quliyev 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
1996-2001-ci illərdə “Səs” qəzetində müxbir, siyasət şöbəsinin müdiri, baş redaktorun müavini, eyni zamanda Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş” şöbəsində təlimatçı işləyib.
2001-ci il fevralın 13-dən Bakı Şəhər İcra Hakimiyyəti “Ərazi idarəetmə orqanları ilə iş” şöbəsinin müdiri, 2010-cu il yanvarın 6-dan 2018-ci il sentyabrın 20-dək Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri vəzifəsində çalışıb. Ona Dövlət qulluğunun müşaviri və Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi verilib. 22 iyun 2015-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
O, 2019-cu ilin aprelindən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında işləyirdi.