Accessibility links

Bakı aeroportu UEFA finalına gələnləri qəbul etməyə hazır olduğunu bildirir


Bakıda UEFA Avropa Liqası Finalının keçiriləcəyi dövr üçün Heydər Əliyev Beynəlxalq Aeroportu çox sayda təyyarə və sərnişinləri qəbul etmək məqsədilə xüsusi tədbirlər planı hazırlayıb.

Bu barədə “Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Bakının hava limanının bütün xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Beynəlxalq Aeroportun buraxılış qabiliyyəti saatda 10 min sərnişin təşkil edir və bununla da əlaqədar olaraq, heç bir aviaşirkətə müntəzəm və çarter reyslərini yerinə yetirməyə rədd cavabı verilməyəcək.

Bakı Olimpiya stadionu
Bakı Olimpiya stadionu

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu artıq mayın 28-də və 29-da çarter reyslərinin yerinə yetirilməsi üçün 45-dən artıq müraciəti təsdiqləyib. Bura həmçinin 16 biznes aviasiya reysi daxildir, 2 aviareys ilə futbol komandaları və 10 reys ilə klubların fanatları gətiriləcək. Həmçinin “Türk Hava Yolları”, “Air Arabia”, “Fly Dubai”, “ISRair”, “Jazeera Airways” və s. kimi xarici aviaşirkətlər əlavə uçuşlar yerinə yetirmək üçün müraciət ediblər.

Finalın keçiriləcəyi dövrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda bütün reyslərin maneəsiz yerinə yetirilməsi və terminaldan çox sayda sərnişinin rahat keçməsi üçün hər bir şərait yaradılacaq.

Mətbuat xidməti bildirir ki, Bakı hava limanı artıq böyük beynəlxalq tədbirlərin, o cümlədən İlk Avropa Oyunları, Formula 1, İslam Həmrəyliyi Oyunları kimi idman tədbirlərinin keçirilməsində təcrübəyə malikdir.

UEFA Çempionlar Liqası çərçivəsində final oyunu mayın 29-da Bakı Olimpiya stadionunda keçiriləcək. Finalda Böyük Britaniyanın Arsenal və Çelsi komandaları qarşılaşacaq.

Bakı Olimpiya Stadionu 69.870 tamaşaçı tutur, UEFA, FİFA-nın beynəlxalq standartlarına uyğun dizayn edilib və tikilib. Stadionun tikintisi 2015-də tamamlanıb.

Stadiondan Bakı-2015 1-ci Avropa Oyunlarının əsas idman məkanı kimi istifadə edilib. Stadionda UEFA-2020 Avropa Çempionatının 3 qrup mərhələsi və 1/4 final mərhələsi keçiriləcək.

Azərbaycan hökuməti Bakı şəhərində mehmanxanalarda final oyunlarına gələn xariciləri qəbul edəcək qədər yer olduğunu bildirib.

XS
SM
MD
LG