Accessibility links

Bakı Apellyasiya Məhkəməsi Əli Kərimlinin şikayətini təmin etməyib


Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimlinin şikayəti təmin edilməyib.

Bu barədə onun vəkili Fəxrəddin Mehdiyev Anerikanın Səsinə bildirib.

Şikayət Nəsimi Rayon Məhkəməsinin Əli Kərimlinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Mühafizə Xidməti, “Azercell” MMC mobil rabitə operatoru və “AzQtel” MMC provayder şirkətinəə qarşı (“Sazz” ticarət brendi) internet və mobil rabitə xidmətlərinin məhdudlaşdırılması ilə bağlı iddiasına baxmaqdan imtina etməsilə əlaqədar verilib.

Əli Kərimli 21 aprel tarixli iddia ərizəsində bildirib ki, 13 aprel saat 22:00-dan etibarən onun və ailə üzvlərinin mobil rabitə və internetə çıxışı kəsilib. İddia verilən anda da rabitə bərpa olunmayıb və Əli Kərimli bunun siyasi səbəblə olduğunu hesab edib. Sərtləşdirilmiş karantin rejimi şəraitində mobil və internet əlaqəsindən məhrum edilməsi onu və ailə üzvlərini ev məhbusluğuna məhkum edib.

O, məhkəmədən hüquqlarının aşağıdakı maddələr üzrə pozulmasının tanınmasını xahiş edib. Əli Kərimlinin xanımı da iddiaçı kimi çıxış edib.

AXCP sədri bildirir ki, özünün və ailə üzvlərinin konstitusion hüquqları planlaşdırılmış qaydada tapdanıb.

Onun sözlərinə görə, bütün bunların COVID-19 (koronavirus) pandemiyasıyası ilə əlaqədar karantin vaxtı, rəhbərlik etdiyi partiyanın üzvlərinin kütləvi həbs olunduğu dövrdə baş verməsi təsadüfi deyil. AXCP sədri hesab edir ki, baş verənlər Avropa İnsan Hüquqları Konvensiyasının 3 (işgəncəyə, pis rəftara məruz qalmamaq), 8 (şəxsi həyata hörmət), 10 (ifadə azadlığı), 14 (ayrı-seçkiliyə məruz qalmamaq) və 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddələrinin pozulmasıdır. İddia tələbləri də budur ki, məhkəmə bu pozuntuların baş verdiyini təsdiqləsin.

"Azercell" şirkəti nə deyir ?

Məhkəmə işi üzrə cavabdehlərdən "Azercell" şirkəti Kərimli və xanımının mobil telefonlarında rabitə və internetin məhdudlaşdırılmasıyla əlaqəsi olmadığını bildirir:

"Azercell Telekom" MMC öz fəaliyyətində telekommunikasiya haqqında qüvvədə olan qanunvericiliyi rəhbər tutmaqla, bütün müştəriləri ilə bərabər davranır və onların arasında siyasi baxışlarına görə fərq qoymur," şirkət bildirib.

Daxili İşlər Nazirliyi isə təkzib edir

Daxili İşlər Nazirliyi Əli Kərimli və ailəsinin rabitə, internet əlaqələrinin məqsədli şəkildə məhdudlaşdırılması barədə iddiaları təkzib edib.

AXCP mövqeyi

AXCP bildirir ki, partiyanın sədri Əli Kərimli və ailəsi artıq uzun müddətdir ki, ətraf aləmdən tamamilə təcrid şəraitində saxlanılır, internetə çıxışı, mobil və stasionar telefon əlaqələri kəsilib. Əli Kərimlinin və ailə üzvlərinin evdən çıxmaq imkanları tam məhdudlaşdırılıb, ailə ilə hər hansı şəkildə əlaqə yaradan - evinə gəlib-gedən, ərzaqla təmin etməyə çalışan hər kəs izlənilir, cəzalandırılır və ya həbs edilir.

XS
SM
MD
LG