Accessibility links

Bakı İnsan Hüquqları Klubu: Tofiq Yaqublu ən qısa müddətdə azadlığa buraxılmalıdır


"Bakı İnsan Hüquqları Klubu (BİHK) müxalifət təmsilçisi Tofiq Yaqublunun barəsində bu gün çıxarılmış məhkəmə hökmünü qınayır və bu məsələ ilə bağlı öz narahatlığını ifadə edir."

Bu barədə klubun müaxlif siyasətçi Tofiq Yaqublu barədə sentyabrın 3-də məhkəmənin həbs hökmü ilə bağlı bəyanatında deyilir.

Sənəddə bildirilir ki,Tofiq Yaqubluya qarşı irəli sürülmüş xuliqanlıq ittihamı məhkəmə istintaqı zamanı sübuta yetirilməyib, ibtidai istintaqın sübutları ancaq zərərçəkmiş şəxslərin və şahidlərin ziddiyyətli ifadələrinə əsaslanıb, hadisənin hərtərəfli və obyektiv araşdırılması üçün zəruri olan videogörüntülər əldə edilməyib, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin obyektiv nəticəyə gəlmək üçün qaldırdığı vəsatətlərin heç biri təmin olunmayıb.

“BİHK bəyan edir ki, bu cür məhkəmə qərarları Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd olduğundan hazırkı qərar ölkənin beynəlxalq imicinə, xüsusən də Avropa İnsan Hüquqları Konvensiyası kontekstində mənfi təsir göstərəcək. BİHK hesab edir ki, Tofiq Yaqublu mümkün olan ən qısa müddətdə azadlığa buraxılmalıdır. BİHK Azərbaycan hakimiyyətini bu istiqamətdə addımlar atmağa çağırır,“ bəyanatda deyilir.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublunu 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Ötən gün prokuror məhkəmədən Tofiq Yaqubluya 4 il 6 ay həbs istəmişdi.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov Yaqublu ilə münaqişə edərək onu qəza törətməkdə ttiham edib.

Nizami rayon polisi cinayət işi qaldırıb, lakin istintaq zamanı Tofiq Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video-sübutlar silinib. Polis bunun nə üçün edildiyini açıqlamayıb.

Məhkəmə həmçinin videomaterialların bərpası və məhkəmədə istifadə edilməsi barədə vəsatətləri təmin etməyib.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. O etiraz olaraq aclığa başlayıb.

Müxalif siyasətçi bundan öncə də həbs həyatı yaşayıb.

Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib.

2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə həbsə məhkun edilib.

Öz növbəsində, rəsmi Bakı insanların siyasi baxışlarına görə təqib edilmədiyini, qanun qarşısında bərabər olduğunu bəyan edir.

XS
SM
MD
LG