Accessibility links

Bakı küçələrində qələbə yürüşləri keçirilir


Bakı küçələrində qələbə yürüşləri keçirilir
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması Azərbaycanda yürüşlərlə qeyd edilir. Paytaxt Bakıda minlərlə insan küçələrə axışıb, avtomobillər uzun siqnallar verir, küçələrdə şənliklər təşkil edilib. Paytaxt küçələrini Azərbaycan və Türkiyə bayraqları bəzəyib.

Azərbaycan, Ermənistan və Rusiyanın dövlət başçıları noyabrın 10-da hərbi əməliyyatların dayandırılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində olan Ermənistanın hərbi qüvvələrinin çıxarılması, regiona Rusiya sülhməramlılarının yerləşdirilməsini ehtiva edən bəyanat imzalayıb.

Sənəddə deyilir:

- Biz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyan edirik:

- 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00:00-dan etibarən tam atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırıldığı elan edilir. Bundan sonra tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası daha əvvəl tutulmuş mövqelərində dayanırlar;

- Ağdam rayonu və Azərbaycan Respublikasının erməni tərəfi tərəfindən tutulmuş Qazax rayonunun əraziləri Azərbaycan tərəfinə 20 noyabr 20-ci ilə qədər qaytarılır;

- Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilir;

- Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyası sülhməramlı kontingentinin qalma müddəti tərəflərdən heç birinin bu müddəanın tətbiqinə xitam verilməsi niyyətini sözügedən vaxtın bitməsindən 6 ay əvvəl çıxış etmədiyi təqdirdə, növbəti 5 illik müddətə avtomatik uzadılması ilə 5 ildir;

- Münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Sülhməramlı Mərkəz yerləşdirilir;

- Ermənistan Respublikası 15 noyabr 2020-ci ilə qədər Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci ilə qədər isə Ermənistanın Dağlıq Qarabağla əlaqəsini təmin edəcək Laçın dəhlizini özündə saxlamaqla və bununla belə Şuşa şəhərindən keçməməklə (5 kilometr uzunluğunda) Laçın rayonunu qaytarır. Tərəflərin razılığına əsasən yaxın üç ildə Laçın dəhlizi boyunca Xankəndi və Ermənistan arasında əlaqəni təmin edən yeni bir nəqliyyat marşrutunun tikintisi planı sonradan bu marşrutu qorumaq üçün Rusiya sülhməramlı kontingenti yenidən yerləşdirilməsilə müəyyən ediləcək;

- Azərbaycan tərəfi hər iki istiqamətdə Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə zəmanət verir;

- Məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara qayıdırlar;

- Hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin cəsədləri mübadilə olunur;

- Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunur. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və malların hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat əlaqələrinə nəzarət Rusiya FTX-nın Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir;

- Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb bölgələri ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.

Prezident Ilham Əliyev xalqa müraciətində bildirib ki, regionda atəşkəsə nəzarət etmək məqsədi ilə Rusiya və Türkiyə sülhməramlıları yerləşdiriləcək.

Əliyev Ermənistanın götürdüyü öhdəliyə əməl etmədiyi təqdirdə hərbi əməliyyatların davam etdiriləcəyini istisna etməyib.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.

Minsk Qrupunun həmsədr dövlətləri ABŞ, Rusiya, Fransa dövlət başçıları dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

2020-ci ilin iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində tərəflər arasında yenidən qarşıdurma olub. Hər iki tərəfdən hərbi və mülki şəxslər həlak olub.

​2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam edir. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Yüzlərlə evlər və mülki obyektlər dağıdılıb.

XS
SM
MD
LG