Accessibility links

Bakı meriyası Milli Şuranın mitinq keçirməsinə icazə verməyib


Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının (DQMS) mayın 5-də və 11-də Bakıda "Məhsul" stadionunda mitinq keçirməsinə icazə verməyib.

Bu barədə DQMŞ-nin Koordinasiya Mərkəzinin üzvü İlham Hüseyn bildirib.

Onun sözlərinə görə, meriya 19 yanvar mitinqində qanun pozuntularına istinad edərək, aksiya keçirilməsini "məqsədəuyğun" görməyib.

Hüseyn qeyd edib ki, aksiyanın "Siyasi məhbuslara azadlıq!", "Talana yox!" şüarları altında, ölkədən qanunsuz çıxarılmış pul vəsaitlərinin qaytarılması tələbi ilə keçirilməsi planlaşdırılırdı.

Hakimiyyətin imtinasını şərh edən Hüseyn bunu hakimiyyət daxilində anlaşılmazlığın, bəyan edilən islahatların uğursuzluğunun göstəricisi adlandırıb.

"Hakimiyyət artıq 8-ci dəfədir müxalifətin mitinq keçirməsinə icazə vermir. Bu, Avropa Şurası qarşısında toplaşmaq azadlığının təmin edilməsi öhdəliklərinin pozulması deməkdir. Əlbəttə, biz məhkəməyə müraciət edəcəyik, məsələ ədalətli həllini tapmasa işi Strasburq Məhkəməsinə qədər aparacağıq" , Hüseyn bildirib.

Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının fevralın 23-də, martın 2-də, aprelin 6-da, aprelin 20-də, Müsavat Partiyasının martın 10-da və aprelin 7-də keçirmək istədiyi aksiyalara razılıq verməyib.

Bu il Milli Şura yalnız yanvarın 19-da Bakıda mitinq keçirib.

Mitinqdə “Azadlıq!” “İstefa!” “Mehman Hüseynov və siyasi məhbuslara azadlıq!” şüarları səsləndirilmiş, “Bu vətən bizimdir!” “Siyasi məhbuslara azadlıq!” “Mehman Hüseynova azadlıq!” “Biz qalib gələcəyik!” və başqa şüarlar qaldırılmışdı. İştirakçılar həmçinin Mehman Hüseynov və digər siyasi məhbusların portretlərini qaldırıb.

Aksiyada daha geniş meydanlara, o cümlədən “Azadlıq” meydanına yürüş üçün çağırışlar edilib.

XS
SM
MD
LG