Accessibility links

Bakı meriyası Milli Şuranın piket keçirməsinə razılıq verib


Bakı Şəhər İcra Hakimiyyəti
Bakı Şəhər İcra Hakimiyyəti

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın piketlə bağlı müraciətini müsbət cavablandırıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasından Amerikanın Səsinə bildiriblər ki, piketin oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə keçirilməsinə etiraz edilmir.

“Toplantı təşkilatçılarının nəzərinə çatdırılır ki, sərbəst toplaşmaq azadlığı haqqında qanununa əsasən ayrı-seçkiliyə, ədavətə və zorakılığa çağırışlarla müşayiət olunan milli, irqi, dini ədavəti təbliğ edən, təhqiredici həmçinin məktubda qeyd olunan şüardan əlavə digər şüarların səsləndirilməsinə və müraciətdə göstərilən sayda insanların iştirakına ciddi nəzarət etsinlər," Bakı şəhər İcra Hakimiyyətinin cavabında qeyd edilib.

Oktyabrın 8-də saat 12-də Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında - sərbəst toplaşmaq hüququnun bərpası ilə bağlı etiraz aksiyası keçirəcəyini bəyan edib.

Milli Şuranın sentyabrın 28-də mitinq keçirmək barədə xəbərdarlıq məktubuna Bakı Şəhər İcra Hakimiyyəti qanedici cavab verməyib.

Belə ki, Milli Şuranın mitinq keçirmək üçün paytaxtın mərkəzi hissələrində təklif etdiyi 3 yerdən heç birinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verməyib. İcra hakimiyyəti aksiyanın şəhərdən kənardakı Lökbatan qəsəbələrdə keçirilməsini təklif edib.

Milli Şura icra hakimiyyətinin təklifini qəbul etməyib, mitinqin paytaxtın mərkəzi hissəsindəki meydanlardan birində keçirəcəyində israrlı olduğunu bildirib.

Öz növbəsində AXCP fəalı Fuad Qəhrəmanlı Bakı meriyasının qərarını partiyanın kiçik qələbəsi adlandırıb.

"Tezliklə şəhərin mərkəzində mitinqlərə də razılıq alacağıq.
Şüarımız dəyişməyib: Meydanda görüşərik," o facebook səhifəsində qeyd edib.

Bu il yanvarın 19-da Milli Şuranın keçirdiyi mitinqdən sonra ölkədə hər hansı siyasi təşkilatın kütləvi aksiya keçirməsinə razılıq verilməyib.

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 5-dən çox aksiyasını münasib saymayıb.

Qurum bunu Milli Şuranın son mitinqində qanunvericiliyin tələblərinin pozulması və aksiyanın keçirildiyi ərazidən vətəndaşların şikayəti ilə izah edib.

Onda aksiya Bakının Yasamal rayonundakı “ Məhsul” stadionunda keçirilmişdi. Bu yaxınlarda həmin stadionda təmir işlərinə başlanıb.

Milli Şura isə Bakı şəhər İcra Hakimiyyətinin cavablarını bəhanə adlandırıb.

XS
SM
MD
LG