Accessibility links

Bakı meriyası Qarabağ Komitəsinin mitinq keçirməsinı məqsədəuyğun saymayıb


Qarabağ Komitəsinin fevralın 16-na elan etdiyi mitinqin keçirilməsini Bakı şəhər İcra Hakimiyyəti məqsədəuyğun hesab etməyib. Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin mitinqin təşkilatçılarına göndərdiyi məktubda bildirilir.

Bakı şəhər İcra Hakimiyyətinin məktubunda deyilir ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunması, torpaqların qanuni yolla azad edilməsi üçün ali baş komandan, prezident İlham Əliyev ölkə daxilində və beynəlxalq miqyasda zəruri addımlar atır.

Bakı meriyasının Qarabağ Komitəsinə cavab məktubu
Bakı meriyasının Qarabağ Komitəsinə cavab məktubu

“Münaqişə ilə bağlı bütün danışıqlar şəffaf, dövlətimizin milli maraqlarına və xalqımızım milli mənafeyinə uyğun aparılır, atılan addımlar KİV-lərdə mütəmadi olaraq işıqlandırılır” , Bakı şəhər İcra Hakimiyyətinin cavab məktubunda deyilir.

Öz növbəsində Qarabağ Komitəsinin sədri İlham İsmayıl Amerikanın Səsinə bildirib ki, komitə fevralın 13-də keçiriləcək ümumi toplantısında Bakı şəhər İcra Hakimiyyətinin cavabına münasibət bildirəcək.

Qarabağ Komitəsi yanvarın 23-də keçirilən iclasında “Qarabağa azadlıq!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim qalacaq!”, “Təslimçi sülhə yox!”, “Qarabağda antiterror əməliyyatının başlanmasını tələb edirik!”, “Köçkün və qaçqınların yurda qayıdışı təmin edilsin!”, “Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!” şüarları ilə mitinq keçirlmək barədə qərar qəbul edilib.

Bundan öncə komitə 2018-ci il sentyabrın 29-da oxşar şüarlarla mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyəti komitənin 2018-ci il noyabrın 24-nə və dekabrın 15-nə təyin etdiyi mitinqlərə razılıq verməyib.

Ya Qarabağ, ya ölüm! şüarı
Ya Qarabağ, ya ölüm! şüarı

Qarabağ Komitəsi 2018-ci ilin yayında təsis edilib. Məqsəd kütləvi aksiyalar, elmi konfranslar, sərgilərin keçirilməsi ilə Qarabağ münaqişəsini daim ictmaiyyətin diqqətində saxlamaqdır. Quruma 17 ictimai birlik və hərəkat daxildir. Bunlar Qarabağ Azadlıq Təşkilatı, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, İslam Partiyası, Ağ Partiya, Milli Demokrat Partiyası, Qarabağ Qaziləri Təşkilatı və digərləri, həmçinin fərdi qaydada Qarabağ müharibəsi iştirakçılarıdır.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

Dağlıq Qarabağ -xəritə
Dağlıq Qarabağ -xəritə

Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

Nikol Paşinyan 2018-ci ilin mayında baş nazir olduqdan sonra Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat danışıqlar prosesində çətinliklər yaradıb.

2018-ci il sentyabrın 28-də İlham Əliyev və Nikol Paşinyan arasında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən görüşündə qeyri-rəsmi görüş olub. Bu görüş danışıqlara yeni impuls verib.

Belə ki, bundan sonra iki ölkə arasında danışıqlar prosesi bərpa edilib və hazırda davam etdirilir. Azərbaycan tərəfi nəticəli danışıqların vacibliyini bildirib.

İlham Əliyev və Nikol Paşinyan Davosda görüşüb
İlham Əliyev və Nikol Paşinyan Davosda görüşüb

2018-ci ilin dekabrın 6-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.

Bundan sonra iki ölkənin xarici işlər nazirləri 2018-ci il dekabrın 5-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən iclası çərçivəsində görüşüb.

Nəhayət 2019-cu il yanvarın 16-da Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş olub.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin bu görüşü barədə bəyanatında deyilir ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə edib və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılmasının zəruriliyi barədə razılığa gəlib.

Nəhayət 2019-cu il yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub. Görüşdə nizamlanmanın müzakirə prosesində mövcud vəziyyət və gələcək müzakirələr barədə fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG