Accessibility links

Bakı, Sumqayıt və Abşeron rayonu istisna olmaqla sərt karantin rejimi ləğv edilir


Karantin rejimi
Karantin rejimi

Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin sentyabrın 30-dək uzadılması qərara alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Məlumata görə, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları avqustun 31-dən etibarən sərt karantin rejimi zonasından çıxarılır.

Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək.

Ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır.

Xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir.

Sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaq.

Sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda həftəsonları ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

“Operativ Qərargah virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha bütün vətəndaşları tətbiq olunmuş karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara riayət etməyə, sosial məsafə saxlamağa, tibbi maskalardan istifadə etməyə çağırır,” məlumatda qeyd edilir.

Azərbaycan məktəblərində tədris başlayır

Azərbaycanın təhsil naziri Emin Əmrullayev bildirib ki, ölkədə tədris ili sentyabrın 15-də başlayacaq.

Nazirin sözlərinə görə, məktəblərdə dərslər bərpa ediləcək, amma xüsusi şərtlər tətbiq ediləcək.

Belə ki, sentyabrın 15-dən etibarən həftədə 2-3 dəfə ibtidai siniflərdə dərslər təşkil ediləcək. Oktyabrın 1-dən 5-9-cu sinif şagirdləri üçün müntəzəm dərslər planlaşdırılır. Buna qədər, yəni sentyabrın 15-dən 5, 9, 10 və 11-ci sinif şagirdləri onlayn rejimdə təhsil alacaqlar. Bu rejim gələn ilin martına qədər davam edəcək.

Oktyabrın 15-dən etibarən 10-cu və 11-ci sinif şagirdləri məktəbə gedəcəklər.

Nazirin sözlərinə görə, ölkənin ali məktəblərində də dərslər sentyabrın 15-də başlayacaq. Amma, bu, yalnız birinci kurs tələbələrinə aiddir.

Oktyabrın 15-dən etibarən digər kursların dərsləri başlayacaq. Noyabrın 2-nə qədər belə davam edəcək. Bundan sonra epidemioloji vəziyyətdən asılı olaraq düzəliş edilə və ənənəvi təhsil formasına keçilə bilər. Vəziyyət imkan verməsə tədris prosesi məsafəli həyata keçiriləcək.

Məktəblərə gəlincə, valideynlər onlayn məşğələlər və həftədə 2-3 dəfə məktəbə getmək arasında seçim edə biləcəklər.

COVID-19 haqqında qısa məlumat

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyulun 5-dən avqustun 5-dək uzadılıb.

Bundan əlavə, 2020-ci il iyulun 4-dən avqustun 5-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda avqustun 5-dək şənbə və bazar günləri bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib.

Xüsusi karantin rejimi dövründə avqustun 31-dək bir çox iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.

Avqustun 5-dən SMS icazə sistemi və bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 30 və 50 faizlik məhdudiyyətlər ləğv edilib. Həmçinin bir sıra fəaliyyət sahələrində iş rejimi bərpa olunub.

Avqustun 18-dən ictimai iaşə müəssisələri, o cümlədən restoranlar fəaliyyətə başlayıb.

Karantin rejimi yenidən sentyabrın 30-dək uzadılıb. Bununla yanaşı sərt karantin rejimi Bakı, Sumqayıt və Abşeron rayonlarında hələ qalır. İnsanların 10 nəfərədək qrup halında toplaşmasına icazə verilir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG