Accessibility links

Bakıda 5 İran vətəndaşı koronavirus şübhəlisi kimi nəzarətə götürülüb


Koronovirus
Koronovirus

Martın 1-də Bakıda koronavirus şübhəsi ilə 5 İran vətəndaşı həkim nəzarətinə götürülüb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, həmin şəxslərdən 1 saylı Kliniki Tibbi Mərkəzdə analiz götürülüb, onlar müşahidə altındadır.

“Amma onlarda xəstəlik əlaməti hələ yoxdur. Vəziyyətləri yaxşıdır”

Hazırda ölkədə İrandan gələn üç şəxsdə koronavirus aşkarlanıb. Rəsmi məlumatlara görə, 220-dən çox insan karantində saxlanılır.

Azərbaycan fevralın 29-dan iki həftə ərzində İranla sərhədi bağlayıb.

Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah bildirir ki, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

“Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb. İranla sərhəddə profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə səyyar çadırlar qurulub,” Nazirlər Kabinetinin məlumatında deyilir.

Nazirlər Kabineti bildirir ki, koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir.

“Bundan başqa, Çin, Almaniya və digər ölkələrlə aparılan danışıqlar nəticəsində lazımi avadanlıqların, preparatların, mütəxəssislərin Azərbaycana gətirilməsi üçün müvafiq razılaşma əldə olunub”, məlumatda deyilir.

XS
SM
MD
LG