Accessibility links

Yohannes Han: Avropa İttifaqı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək verməkdə davam edəcək


Yohannes Han
Yohannes Han

Iyunun 13-də Bakıda V Avropa İttifaqı-Azərbaycan biznes forumu başlayıb.

Avropa İttifaqı və Azərbaycan arasında biznes əlaqələrini möhkəmləndirmək məqsədi daşıyan forumda hökumət və əsasən də biznes rəhbərləri iştirak edir.

Biznes-forum Avropa İttifaqı nümayəndəliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Avropa Qonşuluq Siyasəti və Genişlənmə ətrafında danışıqlar üzrə Avropa Birliyinin Komissarı Yohannes Han Aİ-Azərbaycan Biznes Forumunda iştirak etmək üçün Bakıya gəlib.

Komissar Han Biznes Forumun açılış sessiyasında çıxış edib.

Son illər Azərbaycan və Aİ arasında əməkdaşlığın xeyli intensivləşdiyini qeyd edən Han Azərbaycanla aviasiya sazişini bu il imzalayacaqlarına ümid etdiyini bildirib.

​"Avropa İttifaqı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək verməkdə davam edəcək. Hesab edirəm ki, Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirərək doğru yol seçib. Biz bu səyləri dəstəkləyəcəyik", Han bildirib.

"İndiyədək Avropa Birliyi tərəfindən Azərbaycan iqtisadiyyatına 33 milyard ABŞ dolları, Azərbaycan isə AB-yə 15 milyard dollar sərmayə yatırıb."

AZƏRTAC-ın xəbərinə görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev forumda deyib. Nazir qeyd edib ki, hazırda ölkədə AB-yə üzv ölkələrin 1600 şirkəti fəaliyyət göstərir:

İqtisadiyyat naziri Şahin Mustafayev
İqtisadiyyat naziri Şahin Mustafayev

"Ötən il Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcmi 30 faiz artıb. Azərbaycan AB-nin əsas iqtisadi və ticarət tərəfdaşlarındandır."

Azərbaycan Aİ ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında isə qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

Aİ ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsində 40 faiz paya malik olduqları bildirilir.

Avropa İttifaqının məlumatına görə, 2018-ci ilin sentyabr ayında qüvvəyə minmiş Tərəfdaşlıq Prioritetləri 2020-ci ilədək əməkdaşlığımızın çərçivəsini müəyyən edir. AB-Azərbaycan arasında yeni saziş ətrafında aparılan danışıqlar yekun mərhələdədir. Aİ-nın Azərbaycana göstərdiyi ikitərəfli yardımın 2014-2020-ci illəri əhatə edən müddətdə € 106 milyona çatacağı ehtimal edilir ki, yardım xüsusilə də kənd təsərrüfatı və kənd yerlərinin inkişafı, eləcə də təhsil kimi əsas sahələrdə iqtisadiyyatın diversifikasiyası istiqamətində Azərbaycanın göstərdiyi cəhdlərin dəstəklənməsinə yönələcək. Aİ-nın yeni planlaşdırılan yardımı ilə Tərəfdaşlıq Prioritetlərinin həyata keçirilməsi dəstəklənəcək.

XS
SM
MD
LG