İyunun 4-dən 6-dək Bakıda “2021 Formula 1” Azərbaycan Qran Prisi keçiriləcək.
Bu məqsədlə aprelin 17-də prezident İlham Əliyev “2021 Formula 1” Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla müəyyən edilir ki, “2021 Formula 1” Azərbaycan Qran Prisinin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2021-ci il mayın 1-dən iyunun 15-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər.
Azərbaycan Xarici İşlər Nazirliyi “2021 Formula 1” Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Formula One Management Limited” şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verəcək və bu məlumatın Nazirliyin, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının İnternet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin edəcək.
Azərbaycan Dövlət Miqrasiya Xidməti Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə “2021 Formula 1” Azərbaycan Qran Pri yarışı ilə əlaqədar ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verəcək.
Xatırladaq ki, 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən Azərbaycan Qran-Prisi baş tutmayıb.
Bundan öncə 2017, 2018, 2019-cu illərdə Bakıda “Formula 1” Azərbaycan Qran Pri yarışları keçirilib.