Bu gün, aprelin 5-də bir qrup heyvansevər Bakının mərkəzi Fəvvarələr meydanında “Heyvan qətliamına son!”, “Heyvanlara qarşı zorakılığa son!”, "Öldürmə yaşat!", “Konvensiyaya əməl et!” şüarları ilə aksiya keçirib.
Aksiya iştirakçıları “Ev Heyvanlarının Mühafizəsi haqqında” Avropa Konvensiyasının tələblərinin həyata keçirilməsini və itləri güllələyərək qətlə yetirən şəxsləri məsuliyyətə cəlb edilməsini tələb edib.
Polis aksiyanın qarşısını alıb. Bir neçə aksiya iştirakçısı saxlanılıb. Aklsiyadan öncə heyvansevər fəal Nicat İsmayılovun da saxlanıldığı deyilir.
Aksiya iştirakçılarından biri bildirib ki, küçələrdə satış məqsədi ilə heyvanların kəsilməsinə də son qoyulmalıdır.
“Hər gün evimin pəncərəsinin qarşısında qan görürəm. Heyvanların insanların gözü qarşısında kəsilməsi bizi yorub. Buna son qoyulmalıdır,” o qeyd edib.
Digər etirazçı xarici turistlər tərəfindən Azərbaycanda çöl heyvanlarının və quşlarının qanunsuz ovlanmasına son qoyulmasını tələb edib.
“Biz təbiəti, canlıları qoruyanları polis saxlayır. Amma xarici turistlərdən rüşvət alanları, onları qanunsuz yollarla ölkəyə gətirib qoruq ərazisində ov düşərgəsi salanlar azadlıqda gəzir,” etiazçı deyib.