Accessibility links

Daxili İşlər Nazirliyi: 11 nəfər saxlanılıb


DİN: Yasamalda 11 nəfər saxlanılıb

Azərbaycan Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayonundakı Dadaş Bünyadzadə küçəsi, 13 saylı çoxmərtəbəli binada baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama yayıb.

Rəsmi məlumatda deyilir ki, araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər.

“İyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndirib,“ məlumatda deyillir.

Məlumata görə, hazırda zəruri araşdırmalar davam etdirilir.

İyunun 7-də səhər saatlarında Çevik Polis Alayı əməkdaşları Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binanın həyətinə gəlib.

Sakinlərin yerli mediaya verdiyi məlumata görə, polislər binada yaşayan bir neçə nəfəri saxlayıb. Sakinlər deyir ki, polis adı çəkilən binanın bloklarına daxil olaraq sakinləri evlərindən zorla aparıb. Sosial şəbəkələrdə polislərin hərəkətləri əks olunmuş videolar da yayılıb.

Bununla yanaşı, sosial şəbəkələrdə polisin iyunun 6-da bir neçə gənci karantin qaydalarını pozarkən saxladıqları zamanı sakinlərin etiraz əlaməti olaraq zibilləri polislərin üzrəinə atması əks olunan videolar yayılıb.

Azərbaycanın bir sıra ekspertləri, siyasi xadimlər, partiya nümayəndələri karantin qaydalarını pozan vətəndaşlara qarşı polisin davranışını eitrazla qarşlayıb.

Qeyri-insani davranış yoxsa...

REAL Partiyasının rəhbəri İlqar Məmmədov deyir ki, polisin Yasamaldakı yaşayış binasına kütləvi və qanunsuz soxulmasını təşkil edənlərin hamısını ya dövlət özü dərhal cəzalandırmalıdır, ya da onların hamısı Maqnistki Aktına məruz qoyulmalıdır.

“Uzun müddət mövcud olmuş sosial kontrakt (neft gəlirlərinin pis-yaxşı bölüşdürülməsi əvəzində insan haqlarının məhdudlaşdırılması) artıq dağılır və ölkə sırf polis dövlətinə çevrilmək riskini yaşamaqdadır,” Məmmədov Facebook səhifəsində qeyd edib.

AXCP sədrinin müavini Gözəl Bayramlı Yasamalda baş verən hadisəni polisin qeyri-qanuni və qeyri-insani davranışı kimi dəyərləndirib.

Heç bir halda xalqla qarşıdurmaya və zorakı metodlarla davranışa yol vermək olmaz.
Gözəl Bayramlı


“Vətəndaşla belə zorakı metodlarla davranış hakimiyyətə qarşı nifrəti daha da gücləndirir. Bir insanı qayda pozduğuna görə bu cür zorakı metodla, xüsusi qəddarlıqla maşına basıb aparmaq əvəzinə ona qaydanı pozduğuna görə xəbərdarlıq, yaxud cərimə etmək olardı. Ancaq görünən odur ki, hakimiyyət xalqla qarşıdurmaya meyllidir və bunun son günlərdə yayılan digər video görüntülərdə də şahidi olduq. Polisin başına yaşayış binasından atılanlar da insanlarln polis zorakılığına və həftə sonu tətbiq olunan sərt karantin qaydasına etirazı idi. Bundan nəticə çıxarmaq əvəzinə, bu gün səhərin erkən saatlarında həmin yaşayış binasına çoxlu sayda polis hücumunun təşkili və sakinlərin az qala yarıçılpaq vəziyyətdə, zorakılıqla polis maşınlarına mindirilərək aparılması yolverilməzdir və hakimiyyət bunun məsuliyyətini dərk etməlidir. Heç bir halda xalqla qarşıdurmaya və zorakı metodlarla davranışa yol vermək olmaz,” Bayramlı Amerikanın Səsinə deyib.

Hüquq müdafiəçisi Anar Məmmədli hesab edir ki, karantinlə bağlı Bakıda tətbiq edilən 2 günlük evdən çıxmamaq qadağası polisin vətəndaşlara qarşı zorrakılığı ilə müşayiət olunur.

Polisin öz gücündən sui-istifadə halları dayandırılmalıdır
Anar Məmmədli


“Sosial mediada yayılan videolarda polis əməkdaşlarının qeyri-adekvat davranışlarına dair görüntülərin şahidi oluruq. Koronavirus epidemiyasına qarşı bu cür mübarizə həm vətəndaş hüquqlarını ciddi şəkildə tapdalayır, həm də polisə qarşı kütləvi nifrəti artırır. Ümumiyyətlə, karantin qaydalarını pozan şəxslərin məsuliyyətə cəlb olunması üçün mötəbər qurum məhkəmələrdir. Polisin öz gücündən sui-istifadə halları dayandırılmalıdır,” ekspert Facebook səhifəsində yazıb.

Deputat Fəzail Ağamalı isə hesab edir ki, polisə qarşı müqavimət cahilliyin göstəricisidir. Onun fikrincə, belə insanlar çox deyil və onlar qaragüruhdur: "Bu məsələnin təhlükəli tərəfi odur ki, bu insanlar epidemiya olmasına inamsızlığı yaymaqla birgə, digərlərini də buna inandıraraq virusa yoluxanların sayının artmasına vasitə olurlar".

Başa düşməyən, maarifləndirmə xətti ilə Operativ Qərargahın tövsiyə və tapşırıqlarına tabe olmayanlara artıq qanunun sərt üzü tətbiq edilməlidir.
Deputat Fəzail Ağamalı


F.Ağamalının "Turan" agentliyinə deməsinə görə, digər tərəfdən, belə şəxslər sosial şəbəkələrdə də video yayımları ilə zərərli tendensiya yaradırlar: "Mənə belə gəlir ki. bunlara qarşı ölkə qanunları çərçivəsində addımlar atmaq lazımdır. Heç kimə və heç kəsə güzəşt etmək olmaz. Başa düşməyən, maarifləndirmə xətti ilə Operativ Qərargahın tövsiyə və tapşırıqlarına tabe olmayanlara artıq qanunun sərt üzü tətbiq edilməlidir".

Xatırlatma

İyunun 6-da saat 00-dan iyunun 8-i saat 6-ya qədər (həftəsonu, şənbə və bazar günləri) küçəyə çıxmaq yasağı tətbiq edilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən başlayaraq mərhələlərlə xeyli yumşaldılıb.

Amma ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili qadağan edilib.

Azərbaycanda karantin rejimi yumşaldıldıqdan sonra son günlər infeksiyaya yoluxma halı bir neçə dəfə artıb.

XS
SM
MD
LG