Accessibility links

Bakının azad edilməsindən 103 il ötür


Qafqaz İslam Ordusu
Qafqaz İslam Ordusu

Sentyabrın 15-də Bakının eser-menşeviklərdən azad edilməsindən 103 il ötür.

Bu münasibətlə paytaxt küçələrində "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" şüarı altında hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşü keçirilib.

Yürüş Şəhidlər Xiyabanı və 28 may küçəsindəki Səməd Vurğun bağından start götürüb.

Azərbaycan Silahlı Qüvvələrinin yürüşə qatılan bir neçə generalı Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib, əklil qoyub.

Bakının eser-menşeviklərdən azad edilməsindən 103 il ötməsi ilə bağlı yürüş
Bakının eser-menşeviklərdən azad edilməsindən 103 il ötməsi ilə bağlı yürüş

Yürüşdə hərbi qulluqçular çiyinlərində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını daşıyıblar.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Türkiyənin Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri azad edib. Bununla da 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın17-də Gəncə şəhərindən Bakıya köçürülüb.

Azərbaycan tarixçilərinin fikrincə, əsası Osmanlı torpaqlarında qoyulan Qafqaz İslam Ordusu tək Bakının işğaldan azad edilməsində iştirak etməyib. "Bu ordu Şamaxı, Göyçay və bir çox yerlərdə azərbaycanlıların kütləvi şəkildə qırılmasının qarşısını alıb", tarixçilər bildirirlər.

Tarixi məlumatlara görə, Türkiyə Ordusu Bakının azad olunması uğrunda hərbi əməliyyatlar zamanı 1130 hərbçisini itirib. Ümumilikdə isə Türkiyə Ordusunun Azərbaycan uğrunda döyüşlərdə 5 minə yaxın hərbçisini itirdiyi barədə məlumatlar var.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də qurulub. 1920-ci ildə Rusiyanın silahlı müdaxiləsi ilə devrilib. Azərbaycan müstəqilliyinə bir də 1991-ci il oktyabrın 18-də qovuşub.

XS
SM
MD
LG