Accessibility links

Bakı Metropoliteninin rəisi Azadlıq qəzetindən 200 min manat tələb edir


Məhkəmə iddiasına “Tağı Əhmədov 5 qəpikləri əri mənimsədi” məqaləsi səbəb olub

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq” qəzetini böhtana görə məhkəməyə verib. Məhkəmə T.Əhmədovun iddiasını haqlı hesab edərsə tənqidçi qəzetin üzərinə 200 000 AZN (240 000 dollar) təzminat ödəmək yükü qoyula bilər.

Media Hüququ institutunun məlumatına görə, Tağı Əhmədov tənqidçi qəzetin 8 aprel 2012-ci il tarixli sayında dərc olunan “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli məqalədən narazı qalıb. Sözügedən yazıda 2012-ci ilin yanvarında metroda gediş haqlarının artırılmasından bəhs olunub. Yasamal Məhkəməsinə təqdim olunan iddia ərizəsində qeyd olunur ki, qəzet yazısında Tağı Əhmədovun fəaliyyətinə qərəzli yanaşılıb. İddiaçı hesab edir ki, yazıdakı “...yanvar ayında metroda gediş haqqı on beş qəpikdən iyirmi qəpiyə qaldırılanda çoxlarının kartında beş qəpiklər qaldı. Bax, metropoliten rəisi həmən pulları mənimsəyib...” cümlələri onun şərəf və ləyaqətini aşağılayıb.

İddiaçı qeyd edir ki, məqalədə Bakı Metropoliteninin rəisi kimi vəzifəsindən sui-istifadə etməklə mənimsəmə cinayəti törətməkdə ittiham olunub. “Bu fikirlər jurnalistin uydurmasından, onun qərəzli münasibətindən və məni aşağılamaq, şərəf və ləyaqətimi, uzun illər ərzində dövlətə sədaqətlə xidmət göstərməyimlə, peşəmi, vəzifə borcumu vicdanla yerinə yetirməyimlə topladığım işgüzar nüfuzumu ləkələmək cəhdindən başqa bir şey deyil”, - iddia ərizəsində vurğulanır.

Qəzetin hüquqlarını Media Hüququ İnstitutu müdafiə edir. Yasamal Məhkəməsində hazırlıq iclası keçirilib. MHİ-nin vəkillərindən Fariz Namazlı iddiaya etiraz edib. Etirazda bildirilir ki, sözügedən məqalədə iddiaçının işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən ifadələrə yer verilməyib. Yazı milyonlarla insanın istifadə etdiyi metropolitendə gediş haqlarının artırılması kimi ictimai önəmli mövzuya həsr olunub. Gediş qiymətlərinin dəyişməsi ilə ictimaiyyət arasında doğrudan da “beş qəpik” polemikası yaranıb və əksər media qurumları bu mövzuda müzakirələr açıb. Etirazda həmçinin Bakı Metropoliteninin, xüsusilə də metropolitendə pul vəsaitlərinin xərclənməsi ilə bağlı bilgilərin media üçün qapalı olduğu, bu qapalılığın bəzi ehtimalların irəli sürülməsinə səbəb olduğu vurğulanır. Qəzetin müdafiəçiləri iddianın rədd olunmasını xahiş edib.

XS
SM
MD
LG