Accessibility links

Bakıda Xəzər neft-qaz sərgisi açılıb (VİDEO)


Sərgidə 35 ölkədən 304 şirkət iştirak edir.

Bu gün Bakıda ənənəvi illik “Xəzər neft-qaz” sərgisi açılıb. Sərgidə 35 ölkədən 304 şirkət iştirak edir.

Sərginin açılışında çıxış edən prezident İlham Əliyev bildirib ki, indiyədək Azərbaycanın neft sektoruna 50 mlrd. dollar investisiya qoyulub. Ölkə iqtisadiyyatına investisiyaların ümumi həcmi isə 120 mlrd. dollar təşkil edir. “Şahdəniz” yatağı açıldıqdan sonra Azərbaycan yalnız neft yox, həm də iri qaz ixracatçısına çevrilib. Eyni zamanda Dövlət Neft Şirkəti SOCAR yerli qurumdan beynəlxalq şirkətə çevrilib və qlobal beynəlxalq layihələrdə öz iştirakını daim genişləndirir. “Məqsədimiz beynəlxalq bazara maksimum neft və qaz çıxarmaqdır. 7 marşrut üzrə neft-qaz kəmərimiz var və onların hamısı fəaliyyət göstərir”.
Avropa daha bir marşrutu cəlb etməyə can atır və ümid edirik ki, bu istiqamətdə danışıqlar prosesi canlanacaq. “Enerji amilindən istehsalçılar, istehlakçılar və tranzitçilər arasında siyasi qarşıdurma üçün istifadə olunmamalıdır”, - prezident Əliyev deyib.

Neft və qazın işlənməsindən daxil olan gəlirdən qeyri-neft sektorunun inkişafında istifadə olunur. Bu gün Neft Fondunda 40 mlrd. dollar toplanıb. Avropanın və digər ölkələrin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu artır. Bəzi ölkələrin enerji balansında Azərbaycan nefti 20-25% təşkil edir”, - dövlət başçısı vurğulayıb.

O, uğurlu əməkdaşlığa nümunə kimi Azərbaycanda 20 il çalışan BP şirkətini göstərib. “Bu, Qərb və investorlar ilə strateji əməkdaşlığa yaxşı nümunədir”.
Son illər “Ümid” və “Abşeron” qaz yataqlarının açılması ilə bu tərəfdaşlıq daha da möhkəmlənib. Bu yataqlarda 600-700 mlrd. kubmetr qaz toplanıb. Ölkənin ümumi qaz ehtiyatları isə 2,6 trln. kubmetr həcmində dəyərləndirilib.
Yaxın vaxtlarda “Şahdəniz” yatağında “Mərhələ II”nin işlənməsinə başlanılacaq ki, bu da ölkə energetikasının inkişafında mərhələli addım olacaq. “Azərbaycanın qaz ehtiyatlarının 100 ilə, neftin isə 50 ilə kifayət etməsinə baxmayaraq, biz alternativ energetikanı inkişaf etdirəcəyik”, - İ.Əliyev vurğulayıb. Odur ki, alternativ və bərpa olunan enerji növlərinin inkişafına ciddi diqqət yetirilir. Əsasən günəş və külək mühərriklərinin istehsalı və tətbiqi həyata keçiriləcək.

Amerika prezidenti Barak Obamanın konfransa təbrik məktubunu Amerikanın müvəqqəti işlər vəkili Adam Sterlinq təqdim edib.

Məktubda deyilir ki, iki ölkə arasında diplomatik münasibətlərin iyirminci ildönümünü qeyd etdiyimiz il Azərbaycan üçün mühüm il oldu. “Çünki həmin il ərzində ölkənizin beynəlxalq siyasi, təhlükəsizlik və iqtisadi işlərdə iştirakı artdı. Qazın satışı və tranzitinə dair Azərbaycan ilə Türkiyə arasında Saziş Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasına yol açır və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması üçün zəmin yaradır. Eyni zamanda, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilmişdir və Əfqanıstanda sülhün və təhlükəsizliyin qurulması istiqamətində göstərilən səylərə mühüm dəstəyini davam etdirir”.
Prezident Obama bildirir ki, kələcəyə nəzərə salaraq, “biz “Şahdəniz” qaz layihəsinin reallaşmasından müsbət dəyişiklikləri gözləyirik və Azərbaycan hökuməti, eləcə də onun tərəfdaşları ilə birgə “Şahdəniz” qazının Avropaya nəqli marşrutunu seçirik. Azərbaycan “Cənub” qaz dəhlizi vasitəsilə Avropa ilə əlaqələrini möhkəmləndirməklə, müasir şaxələndirilmiş iqtisadiyyatın inkişafını təmin etməklə, dünya miqyasında daha mühüm öhdəlikləri üzərinə götürməklə, biz artıq güclü olan tərəfdaşlığımızı irəliyə doğru aparacağıq”.
Cənab Obana enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyinə, eləcə də regional sabitliyə nail olmaq kimi ümumi məqsədləri təşviq edəcək Birləşmiş Ştatlar ilə Azərbaycan arasında davamlı əməkdaşlığı səmimiyyətlə arzulayır

Britaniya baş naziri Devid Kemeronun təbrikində isə deyilir ki, ötən ilin sonunda əldə edilmiş mühüm hökumətlərarası Saziş “Şahdəniz” qazının Avropaya nəqli məqsədilə Transanadolu boru kəmərinin çəkilməsi istiqamətində işin başlanması ilə yanaşı, “Cənub” qaz dəhlizinin reallığa çevrilməsinə yardım edəcək. “Bu, Avropa enerji təchizatında şaxələndirməyə doğru atılan addım deməkdir. Bu, həmçinin regionun karbohidrogen ehtiyatlarının işlənilməsinə imkan yaratmaq üçün vacibdir. Məmnunuq ki, Azərbaycanda ən böyük xarici sərmayədar olan bp şirkəti bu işdə çox yaxından iştirak edir”.

İyunun 5-də XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı ilə əlaqədar ABŞ-ın və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri birgə rəsmi qəbul da təşkil edib.
Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak edib.

XS
SM
MD
LG