Aprelin 11-də bir qrup fəal Bakıda "Siyasi məhbuslara azadlıq!", "işgəncələrə son!" tələbi ilə etiraz aksiyası keçirib. Yerli medianın məlumatına görə, aksiya iştirakçıları gənc fəal Bayram Məmmədovun portretlərini və digər şüarlar qaldırıb.
Onlar metronun "Qara Qarayev" stansiyasının yaxınlığında bir neçə dəqiqə irəliləyiblər. Daha sonra mülki geyimli şəxslər və polis əməkdaşları onların qarşısını kəsib. Aksiya iştirakçılarının əllərindəki plakatlar alınaraq, əzilib yerə atılıb.
Aksiyada iştirak edən gənc fəal Fatimə Mövlamlı və daha bir neçə şəxs saxlanılıb. Mövlamlı polis maşınına aparılarkən şüarlar səsləndirməkdə davam edib. Bu zaman bir mülki şəxs əlləri ilə onun ağzını qapayıb.
Bir neçə saatdan sonra saxlanılanlar azad buraxılıb. Bunlar ictimai fəallar Fatimə Mövlamlı, Gülnarə Rəhimova və Amid Həsənovdur.
Saxlananların verdiyi məlumata görə, onlarla kobud davranılıb, amma bölmədə fiziki müdaxilə ilə üzləşməyiblər. Onların qeyd etdiyinə görə, ümumi sorğu-sualdan sonra sərbəst buraxılıblar.
Aksiya ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma polis bir qayda olaraq bildirir ki, şəhər icra hakimiyyəti ilə razılaşdırılmayan aksiyalara icazə verilmir.
2016-cı ilin mayın 10-da Heydər Əliyevin heykəlinə şüar yazdıqdan sonra narkotik ittihamı ilə 10 il həbs cəzası alan Bayram Məmmədov martın 16-da əfv sərəncamı ilə azadlığa buraxılsa da, martın 30-da yenidən həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə - polisin qanuni tələbinə tabe olmamaqda ittiham olunaraq , 30 sutka inzibati qaydada həbs edilib.