Accessibility links

Elman Rüstəmov: Manatın məzənnəsi sabitləşib


Tədiyə balansının yaxşılaşması, ölkənin valyuta daxilolmalarının artması valyuta bazarında vəziyyəti sabitləşdirib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir.

Sənəddə qeyd olunur ki, həyata keçirilən makroiqtisadi siyasət tədbirləri nəticəsində manatın ABŞ dollarına nisbətən məzənnəsi 4% möhkəmlənib.

"2017-ci ilin ikinci rübündən manatın məzənnəsi əlavə möhkəmlənmə təzyiqləri altında olub. Manatın məzənnəsinin sabitləşməsi de-dollarlaşma proseslərinə, maliyyə sabitliyinə və inflyasiya gözləntilərinin azaldılmasına müsbət təsir edib", məlumatda deyilir.

Manatın real effektiv məzənnəsi isə 2014-cü ilin sonundan 36% ucuzlaşıb. Bu da idxalın əvəzlənməsi və qeyri-neft ixracının stimullaşdırılmasına müsbət təsir edən amildir.

AMB sədri Elman Rüstəmov fevralın 12-də keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanda ABŞ dollarının məzənnəsinin uzun müddətdir ki, 1,7001 AZN/USD səviyyəsində qalması AMB-nin "üzən məzənnə" rejimindən imtina etməsi demək deyil.

"AMB valyuta bazarına əhəmiyyətli dərəcədə müdaxilə etmir. Bununla belə, əhalinin və iş adamlarının marağını nəzərə alaraq, manatın kəskin ucuzlaşması və yaxud bahalaşmasını istəmirik. Odur ki, məzənnə siyasətində "üzən məzənnə" rejiminin tərkib hissəsi olan "aralıq rejim" tətbiq edilir. Tənzimləyici qurum az volatilli (qiymətin enib-qalxması-red) sabit məzənnə, ucuz pul və aşağı səviyyəli inflyasiyanı qarşıya hədəf qoyub və bunların üçü də eyni dərəcədə vacibdir. Qurumun valyuta ehtiyatlarının artması isə bankların ona olan borclarını qaytarması ilə bağlıdır. Hazırda AMB valyuta hərraclarında dollar alıb-satmır", E.Rüstəmov bildirib.

Qeyd edək ki, AMB-nin valyuta hərraclarında 1 dollara görə 1,7001 manat səviyyədə məzənnə 2017-ci il dekabrın 13-dən dəyişmir. Tənqidçilər bunu manatın məzənnəsinin inzibati tənzimlənməsilə əlaqələndirirlər.

Elman Rüstəmov kriptovayuta əməliyyatlarında iştirakı riskli hesab edir. Onun firkincə, kriptovalyutaların məzənnəsində volatillik davam edəcək.

"Kriptovalyutaya pul qoymaq riskli əməliyyatdır və əhalini bu növ valyutalarla bağlı diqqətli olmağa çağırıram. Üstəlik, kriptovalyutalara cavabdeh qurum da yoxdur", o, qeyd edib.

Qeyd edək ki, son yarım ildə ən bahalı kriptovalyuta olan bitkoinin məzənnəsi kəskin şəkildə dəyişib. 2017-ci ilin oktyabrında 1 bitkoin təxminən 4 min dollar idi. Dekabr ayında kriptovalyutanın məzənnəsi 20 min dollara yüksəlib və yeni ildən sonra 8 min dollara enib.

XS
SM
MD
LG