İqtisadi Təhlil İnstitunun rəhbəri Məhəmməd Talıblı ölkənin bank sektorundakı son durumu təhlil edib. İqtisadçı rəsmi qurumlarlın rəhbərlərinin bu sektorda inkişafla bağlı dediklərinin doğru olmadığı qənatərinə gəlib. Onun facebook səhifəsində dərc etdiyi təhlili təqdim edirik:
Aktivlər azalıb
İqtisadiyyatda baş verən tənəzzül elementləri bank sektorunda da əsas parametrlər üzrə geriləmələri özündə ehtiva edir. Bu baxımdan bank sektoru üzrə yarımillik göstəricilər düşünmək üçün əsaslar verir. Bütövlükdə bank sektorunun bütün göstəricilərini deyil, onu xarakterizə edən bir neçə vacib əlamətləri sizlərlə bölüşmək istəyirəm.
Bank sektorunun aktivlərində azalmalar baş verib. Söhbət ötən ilin (30.06.2017) müvafiq dövrü ilə müqayisədə bank sektorunun aktivlərində 6,8 faizlik geriləmələr qeydə alınıb. Əgər 30.06.2017-ci il tarixində aktivlərin həcmi 30.04 mlrd manat təşkil edirdisə, 30.06.2018-ci ildə bu göstərici 28 mlrd manat olmuşdur.
Kreditlər 13 faiz azalıb
Bankların kredit portfelində də azalmalar müşahidə olunub. Ötən ilin yarım illik göstəricilərinə görə bankların ümumi kredit portfeli 13.46 mlrd manat səviyyəsində idisə, bu ilin 6 aylıq göstəricilərində bu rəqəm 11.71 mlrd manat təşkil edib. Yəni, kreditlərin verilməsi üzrə 13 faizlik azalma qeydə alınıb. Bu isə o deməkdir ki, həm istehlak, həm də biznes kreditləri üzrə banklar bazar iştirakçıları üçün cəlbediciliyi təşviq edə bilmir.
Kreditləri sata bilməyən bank insitutları, paralel olaraq depozitlərin cəlbi üzrə də əhəmiyyətli geriləmələri ilə diqqəti cəlb ediblər. Söhbət bankların depozid cəlbindən gedir. Əgər 2017-ci ilin yarımillik dövrü ərzində banklarda olan depozitlərinin həcmi 3.99 mlrd manat təşkil edirdisə, bu ilin analoji zaman kəsiyi üçün cəmi 1,18 mlrd. manat səviyyəsinə düşüb, yənib depozitlərin cəlbində 70.5%-lik azalma baş verib. Bu vətəndaşların əmanətə transformasiya olunan gəlirlərinin zəifləməsi, banklara olan inamın azalması və s. səbəblərlə bağlı ola bilər.
49 bank filialı bağlanıb
Lakin göründüyü kimi bank sektorundakı problemlər təkcə resursların cəlbi və satışı ilə bağlı olmayıb.Eyni zamanda institusional problemlər də özünü açıq göstərib. Belə ki, bankların fəaliyyətindəki geriləmələr onların bəzi strukturlarının ixtisar edilməsi ilə nəticələnib. Düzdür, bütün banklarda çalışan 16 min nəfərdən çox işçi heyətində ixtisarlar baş verməyib. Lakin bank filiallarının 49-u bağlanib.
Bütün bunlar onu deməyə əsas verir ki, bank sektorunun iqtisadiyyatı qidalandırmaq imkanları zəifləyir. İqtisadiyyatın “qan-damar” sisteminin təmin olunma səviyyəsi onu dinamik inkişafı üçün optimist danışmağa imkan vermir. Bu vəziyyətin analizi əsas verir ki, dövlətin monetar stukturları vəziyyəti dəyişmək üçün preventiv tədbirlər hazırlasın. Əks halda, iqtisadi staqnasiya vəziyyəti bank sektorunu da arxasınca aparacaq. Çünki, bank sektorunda baş verənlər son tendensiyalar iqtisadiyyatın kiçilməsindən xəbər verir.
Rəsmi mövqe
Öz növbəsində, ölkə rəsmiləri iqtisadiyyatın sürətlə inkişaf etdiyini və hətta dünya üçün nümnunə olduğunu bəyan edir. Mərkəzi Bankın rəhbəri isə bank sektorunda böhranın dayandığını və inkişafın qeydə alındığını bildirir.