Accessibility links

Banqladeşdə Fransa əleyhinə nümayişə azı 50 min insan çıxıb


Bazar ertəsi azı 50 min nəfər Banqladeşin paytaxt Dakkanın küçələrinə çıxaraq, söz azadlığı bəhanəsi altında İslamın tənqidini müdafiə edən Fransa prezidenti Emmanuel Makrona etiraz edib.

Nümayişçilər Fransa məhsullarının boykot edilməsini tələb edib və Fransa səfirliyinə doğru yürüş etməyə çalışalar da, polis buna imkan verməyib.

Fransa Banqladeşin əhəmiyyətli ticarət ortağıdır və bu ölkəyə yardım edən əsas ölkədir.

Polis etiraz aksiyasına təqribən 50 min adamın qatıldığını desə də, nümayiş təşkilatçıları mitinqə 100 mindən çox insanın toplandığını bildirib.

Banqladeş də daxil olmaqla, müsəlman dünyasında etirazlara səbəb Makronun Fransanın karikatura hüququndan əsla imtina etməyəcəyini deməsi olub. Makron bu şərhi oktyabrın əvvəlində bir gənc müsəlmanın Məhəmməd Peyğəmbərin karikaturalarını sinifdə nümayiş etdirən Semuel Pati adlı fransız müəllimin başını kəsməsindən sonra verib.

Fransız rəsmiləri sonra həyata keçirilən daha iki hücumu İslamçı terrorizmlə əlaqələndirib.

Makron şənbə günü Əl-Cəzirə ərəb tele-kanalına müsahibəsində söz azadlığını dəstəklədiyini bir daha vurğulayıb. "Karikaturaların insanları narahat edə biləcəyini anlayıram, lakin zorakılığa haqq verilməsini əsla qəbul etmirəm" - deyə, o bildirib.

Makronun Məhəmməd Peyğəmbərin təsvir edildiyi karikaturaları müdafiə etməsi bir sıra müsəlman ölkələrində minlərlə müsəlmanın etirazına səbəb olub.

Beş il əvvəl Fransa əsilli Əl-Qaidə ekstremistləri Məhəmməd Peyğəmbərin karikaturalarının yayımlanmasına cavab olaraq Fransanın həftəlik Charlie Hebdo satirik jurnalının 12 işçisini öldürmüşdü. Həmin karikaturalar əksəriyyəti müsəlmanlar olan ölkələrdə kütləvi etirazlara və bəzi hallarda ölümə səbəb olmuşdu.

XS
SM
MD
LG