Yanğınsöndürənlər və yerli televiziya kanallarının cümə günü verdiyi məlumata əsasən Banqladeşin paytaxtı Dəkkə şəhərinin yaxınlığındakı qida və içki fabrikində baş verən yanğın 49 nəfərin ölümünə səbəb olub.
Yanğın beş mərtəbəli Hashem Food and Beverage Ltd. fabrikində baş verib. Yanğından Müdafiə Xidməti və Mülki Müdafiə xidmətinin müdirinin müavini Debasiş Bardhan fabrikdən 49 cəsədin çıxarıldığını bildirib. O fabrikin dörd və beşinci mərtəbələrində hələ də axtarış və xilasetmə işlərinin davam etdiyini deyib. Debasiş Bardhan həmçinin əlavə edib ki, meyvə suyu, alkoqolsuz içkilər və digər qida məhsulları emal edən fabrikin əsas çıxış qapısı içəridən kilidlənib.
Yanğının səbəbləri, fabrik içərisində neçə nəfərin olduğu və neçə nəfərin itkin düşdüyü barədə hələ ki, ətraflı məlumat verilmir.
Banqladeş ölümcül fabrik yanğınları ilə dolu bir tarixə malikdir. Ölkənin sürətli iqtisadi böyüməsinə baxmayaraq hələ də təhlükəsizlik problemləri mövcuddur.
Hələ 2019-cu ilin fevral ayında Dəkkənin ən qədim hissəsində mənzillər, mağazalar və anbarlarla sıx 400 illik yaşı olan ərazidə baş verən yanğın 67 nəfərin həyatına son qoymuşdu.
Bundan əvvəl isə 2010-cu ildə Köhnə Dəkkədə kimyəvi maddələrin qanunsuz olaraq saxlanıldığı bir evdə baş verən yanğın 123 nəfərin ölümünə səbəb olmuşdu.