Accessibility links

ABŞ-ın sabiq prezidenti Barak Obamanın keniyalı nənəsi vəfat edib


Qohumları və rəsmilər bazar ertəsi ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın keniyalı ailəsinin matriarxı Sara Obamanın vəfat etdiyini bildirib, lakin ölüm səbəbi açıqlanmayıb. Onun 99 yaşı var idi.

Hamının nəzakətlə Sara ana çağırdığı ABŞ-ın keçmiş prezidentinin ögey nənəsi qızlar və yetimlər üçün təhsili təşviq edən bir xeyriyyəçi idi. Qızı Marsat Onyanqo Sara ananın Keniyanın qərbindəki üçüncü böyük şəhəri Kisumudakı Jaramogi Oqinqa Odinqa xəstəxanasında müalicə alarkən yerli vaxtla səhər 4 radələrində vəfat etdiyini deyib.

“O, bu gün səhər öldü. Çox kədərləndik” - deyə, Marsat Onyanqo Associated Press xəbər agentliyinə bildirib.

Kisumu qubernatoru Anyanq Nyonq matriarxı itirdiyinə görə Kogelo kəndi sakinlərinə başsağlığı verib və kimsəsiz uşaqlara təhsil təşəbbüsünə görə onun xatirələrdə qalacağını deyib.

"O, kimsəsiz uşaqların məktəb haqqını ödəmək üçün vəsait toplayan bir xeyriyyəçi idi" - deyə, o bildirib.

Sara Obama Prezident Obamanın babasının ikinci arvadı idi və atası Barak Obamanı o böyütmüşdü. Ailə Keniyanın Luo etnik qrupuna aiddir.

Prezident Obama ona həmişə sevgi ilə yanaşıb. "Atamın xatirələri" adlı memuarında ona "Nənə" deyə müraciət edib. O, 1988-ci ildə atasının vətəninə səfəri zamanı nənəsi ilə görüşdüyünü, onunla ünsiyyət qurmağa çalışdığını, sonradan gözəl münasibətləri olduğunu yazıb. Sara ana 2009-cu ildə prezident Obamanın ilk andiçmə mərasimində iştirak edib.

XS
SM
MD
LG