Accessibility links

Baring Vostok Putini amerikalı təsisçinin işini “şəxsi nəzarətinə götürməyə” çağırıb


Rusiyada mənzillənən Baring Vostok investisiya şirkəti prezident Vladimir Putinə müraciət edərək, amerikalı təsisçi və daha beş rəsmisinə qarşı cinayət işini “şəxsi nəzarətinə götürməyə” çağırıb.

Baring Vostok Capital Partners (BVCP) fevralın 25-də vebsaytında Putinə açıq məktub dərc edib. Ötən həftə rusiyalı prokurorlar şirkət rəhbəri Maykl Kalvi, üç əməkdaşı və daha iki rəsmisinə maliyyə fırıldağı ittihamı irəli sürüb.

Kalvi və digərləri ittihamları rədd edirlər.

Şirkəti 1994-cü ildə yaratmış amerikalı Rusiyada tanınmış xarici investorlardandır.

O, fevralın 14-də Moskvada saxlanıb və bu hadisə Qərbin biznes dairələrini sarsıdıb.

İttihamlar sübuta yetirilərsə Kalvi 10 il həbsə məhkum edilə bilər.

Baring Vostok açıq məktubunda Putini iş üzrə “hərtərəfli, müstəqil və obyektiv istintaq aparılmasını təmin etməyə” çağırır.

Məktubda həmçinin saxlananlar barəsində həbs qətimkan tədbirinin ləğvi istənilir, qeyd olunur ki, son illər maliyyə iddialarına görə həbs qətimkan tədbirinin seçilməsində azalma “biznes tərəfdaşına hədsiz təzyiq göstərilməsini aradan qaldırıb”.

Məktuba görə, Kalvi və digərlərinə ittihamlar “kommersiya təşkilatında normal menecment funksiyalarının icrasıyla” bağlıdır.

Şirkət bu işin bank daxilində kommersiya münaqişəsilə əlaqədar olduğunu bildirir.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Putinə Baring Vostok-un xahişi barədə məlumat veriləcək.

“Prezidentin bu məktubu görüb-görmədiyini bilmirəm, amma azından biz ona mediada yayılmış məktub haqda məlumat verəcəyik”, Peskov vurğulayıb.

Birləşmiş Ştatların Moskvadakı səfirliyi fevralın 21-də bildirib ki, ABŞ diplomatlarının Kalvi ilə görüşünə şərait yaradılmasını tələb edir.

“Bunu bir neçə dəfə istəmişik. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi bizim İkitərəfli Konsulluq Konvensiyamızın şərtlərinə hələlik əməl etməyib, konsulluq yardımı göstərməyimizə şərait yaratmayıb. Bu yubanma sarıdan dərin narahatlığımızı diplomatik kanallar vasitəsilə çatdırmışıq”, diplomatik missiya bəyanatında deyib.

XS
SM
MD
LG