Accessibility links

Tramp Ali Məhkəmə hakimliyinə Emi Koni Barreti nominasiya edib


ABŞ prezidenti Donald Tramp Ali Məhkəmədə liberal hakim Rut Beyder Ginsburqun vəfatı nəticəsində boş qalmış yerə Emi Koni Barreti nominasiya edib. Bu, Trampa prezident seçkisinə altı həftədən az qalmış bir vaxtda Ali Məhkəmədə mühafizəkar hakimlərin sayını artırmaq imkanı verib.

Barreti ölkənin parlaq və istedadlı hüquqşünası adlandıran Tramp onun bu vəzifəyə ixtisaalı namizəd olduğunu deyib.

ABŞ dövlət başçısı Barretin nominasiyasının tez bir zamanda təsdiqinə çağırıb. O deyib ki, Barreta qarşı qanunvericilər və KİV-lərin özəl və siyasi mövqelərdən hücumlarına yol verilməməlidir.

Daha sonra müxbirlərin suallarını cavablandıran Tramp demokratların onun namizədliyinin təsdiqinə mane olmasının çox çətin olacağını bildirib. Belə ki, prezident Barretin yüksək kvalifikasiyaya malik olduğunu deyib.

Mühafizəkar Apellyasiya Məhkəməsi hakimi Barret və digər br neçə Apellyasiya Məhkəməsi hakimi Barbara Laqoa Ali Məhkəməyə öndə gedən namizədlər arasında idi.

Prezidentin ABŞ-ın sabiq vitse-prezidenti Co Baydenə qarşı rəqabət aparacağı prezident seçkisindən öncə Ali Məhkəməyə hakim nominasiya etmək qərarı Vaşinqtonda siyasi mübahisələrə səbəb olub.

Senatın Respublikaçı liderləri namizədin təsdiqolunma prosesinin mümkün olduğu qədər tez bir şəkildə həyata keçirilməli olduğunu iddia edirlər, Demokratlar isə nominasiyanın noyabr ayında keçiriləcək seçkinin qalibi müəyyən olunana qədər təxirə salınmalı olduğunu deyir.

Ali Məhkəməyə hakimlər ömürlük təyin olunurlar. Ginsburqun vəfatından öncə məhkəmədə mühafizəkarlar 5-4 çoxluq təşkil edirdilər. Ginsburqun yerinə mühafizəkar hakim təyin olunsa, mühafizəkarlar 6-3 üstünlük əldə edəcəklər.

Ginsburqun yerinə təyin olunacaq hakim gələcək illərdə abort hüquqları, sağlamlıq sığortası, silah haqları, dini azadlıq, immiqrasiya və söz azadlığı kimi mühüm məsələlər üzərində mühüm qərarlar verəcək.

XS
SM
MD
LG