Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə "bastainfo.com" saytının baş redaktoru Mustafa Hacıbəylinin işi üzrə hazırlıq iclası keçirilib.
Baş redaktorun həm özü, həm də vəkili cinayət işinin əsassız olduğunu bildirərək, xitam verilməsi barədə vəsatət qaldırıb.
Vəkil Osman Kazımov deyib ki, dövlət üçün ən təhlükəli hallardan biri günahsız adamların cəzalandırlmasıdır və hazırda bu hadisə baş verir.
"Qanuni mühakimə icraatını bu vəziyyətə salmaq olmaz. Qanun dövlətin dirəyidir. Qanun sökülərsə, dövlət sökülər" , vəkil qeyd edib.
Mustafa Hacıbəyli siyasi sifarişlə altı aydır təqib olunduğunu söyləyib.
“Bu iş sifarişlidir. Əvvəl şahid kimi cəlb edildim, amma evimə, iş yerimə polisləri göndərdilər. Halbuki, bir zənglə gedib ifadəmi verərdim. Hələ onu demirəm ki, bir xəbərdarlıqla etiraz olunan yazılar saytdan çıxarıla da bilərdi. Məni cəlb edəndə telefonumu, kompüterimi, saytın sənədlərini alıb, uzun müddət kriminal axtardılar. Heç nə tapmayanda üç qadını bu işə cəlb elədilər. O qədər qondarma işdir ki, onun əsassız olduğunu görmək üçün heç hüquqşünas olmağa ehtiyac yoxdur.”
Haqqındakı cinayət işinin iki məqaləyə əsaslandığını, onlardan da birinin "Turan" informasiya agentliyinin materialı olduğunu deyən baş redaktor "KİV haqqında" qanuna istinad edib. Deyib ki, qanunun 62-ci maddəsinə görə, başqa media orqanında yayımlanmış və təkzib olunmayan məqaləni təkrar yayan KİV buna görə məsuliyyətə cəlb oluna bilməz.
Hakimlər kollegiyası cinayət işinə xitam verilməsi barədə vəsatəti təmin etməyib. İş üzrə məhkəmə baxışı yanvarın 22-nə təyin olunub.
2018-ci il noyabrın 30-da Bakı Şəhər Prokurorluğu Mustafa Hacıbəylini cinayət məsuliyyətinə cəlb edib. Baş redaktor Gəncə hadisələri və Mingəçevir elektrik stansiyasında baş verən qəza ilə bağlı bastainfo.com saytında dərc olunan iki məqaləyə görə Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Sayt rəhbərliyi bu məqalələrdə hər hansı bir çağırış olmadığını, irəli sürülən ittihamların əsassız olduğunu bildirir.
Məhkəmə ittihamları təsdiqləsə, M.Hacılı 8 ilədək azadlıqdan məhrum edilə bilər.
Mustafa Hacıbəyli barəsində polis nəzarətinə götürülmə üzrə qətimkan tədbiri seçilib.