Çin Prezidenti Şi Tsinpin cümə axşamı ABŞ Prezidenti Co Bayden tərəfindən təşkil edilən qlobal iqlim dəyişikliyinə dair sammitdə çıxış edəcək.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Şonyin çərşənbə günü yazılı açıqlamasında Prezident Şinin virtual konfrans zamanı "əhəmiyyətli bir çıxış" edəcəyini bildirib.
Şi Tsinpin Prezident Baydenin Hindistanın baş naziri Narendra Modi və Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla, virtual konfransa dəvət etdiyi 40 dünya lideri arasındadır. O, konfransa dəvəti Baydenin iqlim dəyişikliyi üzrə xüsusi elçisi Con Kerrinin çinli həmkarı Şe Tsenhua ilə Şanxayda danışıqlarından bir neçə gün sonra qəbul edib.
Bu, Şinin Baydenin yanvar ayında vəzifəyə başlamasından bəri və Pekinin yarı-muxtar Honq Konq üzərində nəzarəti sərtləşdirməsi və etnik uyğur müsəlmanlarına qarşı zorakı davranışı da daxil olmaqla, bir çox məsələlərlə bağlı iki iqtisadi supergüc arasında gərginliyin artması fonunda AŞB prezidenti ilə ilk görüşü olacaq.
Lakin belə görünür dünyada istixana qazlarının atmosferə ən çox atıldığı bu iki ölkə iqlim dəyişikliyi ilə bağlı məsələlərdə ortaq nöqtələr tapa bilir.
Qlobal iqlim dəyişikliyinə dair zirvə toplantısı Baydenin sələfi Donald Trampın qlobal karbon emissiyalarına məhdudiyyətlər qoyan 2015-ci ildə Paris Sazişindən çıxmaq da daxil olmaqla, məsələyə laqeyd yanaşmasından sonra Baydenin ABŞ-ın liderliyini bərpa etmək səylərinin bir hissəsidir. Bayden vəzifəyə gəldikdən dərhal sonra yenidən razılaşmaya qoşulub.