Accessibility links

Bayden 2 qadın generalı hərbi komandanlığa rəhbərlik etmək üçün namizəd göstərib


Prezident Co Bayden bazar ertəsi ABŞ hərbi komandanlıqlarına rəhbərlik etmək üçün iki qadının namizədliyini açıqlayıb. Onlar ABŞ-da belə yüksək hərbi vəzifələrdə çalışacaq ikinci və üçüncü qadın olacaqlar.

ABŞ Hərbi Hava Qüvvələrinin generalı, ən yüksək dörd ulduzlu general rütbəsinə çatan yeganə qadın olan Jaklin Van Ovost Nəqliyyat Komandanlığının (USTRANSCOM) rəhbəri vəzifəsinə namizəd göstərilib.

Üç ulduzlu ordu generalı Laura Riçardson Mərkəzi və Latın Amerikasını əhatə edən Cənub Komandanlığının (SOUTHCOM) rəhbərliyinə namizəd göstərilib. O, dördüncü ulduzunu da alacaq.

Senat onların namizədliyini təsdiqləyərsə, Van Ovost və Riçardson hərbi komandanlığa rəhbərlik etmiş ilk qadın Lori Robinsonun yolunu davam etdirəcək. O, 2018-ci ildə təqaüdə çıxmazdan əvvəl Şimal Komandanlığına (NORTHCOM) rəhbərlik etmişdi.

"Bu qadınların hər biri misilsiz bacarıq, dürüstlük və ölkə qarşısında borcun nümayiş etdirildiyi karyeralara malikdir" - deyə, Bayden Ağ Evdə çıxışı zamanı iki generalı təqdim edərkən bildirib.

"Bu gün Beynəlxalq Qadınlar Günüdür və hamımız bu qadınların əldə etdiyi böyük uğurları görməli və tanımalıyıq", ABŞ prezidenti qeyd edib.

ABŞ hərbi qüvvələrində 11 komandanlıq var, onların hamısına dörd ulduzlu generallar rəhbərlik edir.

The New York Times qəzeti keçən ay Pentaqonun Van Ovost və Riçardsonun namizəd göstərilməsinə keçən ilin əvvəllərində qərar verdiyini yazmışdı.

Lakin qəzetin verdiyi məlumata əsasən, sabiq Müdafiə naziri Mark Esper o zaman prezident Donald Trampın qadın olduqlarına görə generalların namizədliyini təsdiqləməyəcəyindən ehtiyat etdiyi üçün elan noyabr ayında keçirilən prezident seçkilərindən sonraya qədər təxirə salınmışdı.

XS
SM
MD
LG