Accessibility links

Bayden ABŞ-ın Əfqanıstanda müharibəyə son qoymaq qərarını müdafiə edir


ABŞ Prezidenti Co Bayden

ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların hərbi qüvvələrinin Əfqanıstandan çıxarılmasının başa çatması və iyirmi il davam edən müharibənin bitməsinin ardınca çərşənbə axşamı günü Amerika xalqına müraciət edib.

"Dünən Kabildə Amerika Birləşmiş Ştatları Amerika tarixinin ən uzun müharibəsinə son qoydu" - deyə, prezident Bayden bildirib.

ABŞ prezidenti Taliban qüvvələrinin gəlişindən sonra Kabildən təxliyənin təmin edilməsində Amerika hərbi qüvvələrinin səylərini "hərbi missiya deyil, mərhəmət missiyası" adlandırıb.

Bayden Kabildə xidməti vəzifəsini yerinə yetirərkən həlak olan ABŞ hərbçilərinin fədakarlığını bir daha yad edib.

Prezident Amerika hərbçilərinin sayəsində Əfqanıstandan 124 mindən çox insanın təxliyə edildiyini xatırladıb. O həmçinin qeyd edib ki, bu təxliyə çətin ki, daha nizamlı bir şəkildə həyata keçirilə bilərdi.

Bayden eyni zamanda, Talibanla razılaşmanın ondan əvvəlki prezident tərəfindən imzalandığını da xatırladıb.

ABŞ prezidenti Əfqanıstanda müharibəyə son verilməsi ilə bağlı qərarın necə verildiyindən danışıb və xarici siyasət məsələləri ilə əlaqədar milli maraqların və xüsusən də Amerika xalqının təhlükəsizliyinin təmin edilməsinin prioritet olduğunu vurğulayıb. O, hərbi qüvvələrin çıxarılması haqda qərarı hərbçilər və təhlükəsizlik komandasının digər nümayəndələrinin fikirlərini dinlədikdən və müttəfiqlərlə məsləhətləşdikdən sonra verdiyini qeyd edib.

"Biz çox uzun müddətdir müharibə aparan bir ölkə idik," Bayden bildirib.

O, Əfqanıstan problemi kontekstində bu ölkədən ABŞ-a təhlükənin gəlməməsi məsələsinin onun üçün prioritet olduğunu bir daha təkrar edib.

ABŞ prezidenti Birləşmiş Ştatların Əfqanıstan kampaniyasına başlamasından fərqli olaraq, hazırda terror təhlükəsinin mütləq Əfqanıstanla əlaqəli olmadığını bildirib. O, İŞİD militantlarının fəaliyyətini davam etdirdiyi Yəmən və Somali kimi ölkələri qeyd edib.

Prezident Bayden bu problemin hələ də həll edilmədiyini vurğulayıb.

Beynəlxalq problemlərə toxunan Bayden Çin və Rusiya ilə əlaqədar sınaqları qeyd edib.

Bayden administrasiyasının üzvləri bir neçə həftə ərzində ABŞ və Əfqanıstan vətəndaşlarının təxliyəsi kimi genişmiqyaslı əməliyyatın müsbət və mənfi tərəflərini ölçərək, ölkədə daha uzun müddət qalmağın mümkünlüyü məsələsini müzakirə ediblər.

"Birgə Baş Qərargah rəisləri və sahədəki bütün komandirlərimiz yekdilliklə missiyanın vaxtında tamamlanmasını tövsiyə etdilər," Bayden bildirib. "Onların fikrincə, hərbi missiyamızı tamamlamaq əsgərlərimizin həyatını qorumaq və önümüzdəki həftələr və aylarda Əfqanıstanı tərk etmək istəyən mülki əhalinin çıxarılması perspektivlərini təmin etmək üçün ən yaxşı yol idi," o əlavə edib.

Baydenin hərbi qüvvələrin çıxarılması üçün qoyulmuş müddətə sadiq qalmaq qərarı siyasi rəqiblər və bəzi müttəfiqlərin tənqidinə səbəb olub.

"Taliban maneəsiz hərəkəti təmin edəcəyinə söz verib və bütün dünya onların bu öhdəliyi yerinə yetirməsini izləyəcək" - deyə, Bayden bildirib.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri bazar ertəsi Pentaqonda keçirdiyi mətbuat konfransında jurnalistlərə ABŞ-ın son təyyarəsinin yerli vaxtla gecə yarısından az əvvəl Kabili tərk etdiyini və bununla ABŞ-ın Əfqanıstandakı missiyasının sona çatdığını bildirib.

General Kennet "Frank" Makkenzi Floridada Mərkəzi Komandanlığın qərargahından video bağlantı vasitəsilə "insanlarla dolu son təyyarə indi Əfqanıstanın səması üzərindən uçur" deyib və bunu təxliyənin və ABŞ-ın Əfqanıstandakı təxminən 20 illik missiyasının sonu adlandırıb.

Hərbi qüvvələrin ölkədən çıxarılması ABŞ-a qarşı 2001-ci il 11 sentyabr terror hücumlarının 20-ci ildönümündən bir neçə gün əvvələ təsadüf edir. Birləşmiş Ştatlar terror hücumlarından sonra hücumları planlaşdıran Əl-Qaidə terrorçuları və onlara sığınacaq verən Taliban döyüşçüləri ilə mübarizə aparmaq üçün Əfqanıstana əsgəri qüvvə göndərmişdi.

Birləşmiş Ştatları və onun koalisiya üzrə tərəfdaşları Əfqanıstandan ümumilikdə 123 mindən çox mülki şəxsi çıxarıb.

Taliban sosial mediada Kabil hava limanında Amerika hərbçilərinin çıxmasını qeyd etmək üçün militantların havaya atəş açdıqlarını əks etdirən videolar yerləşdirib.

“Bu əməliyyatın hərbi mərhələsi başa çatdı. İndi diplomatik fəaliyyət başlayacaq” - deyə, Makkenzi bildirib və ABŞ-ın ölkədə qalan amerikalıları və Əfqanıstan müttəfiqlərini təxliyə etməkdə qərarlı olduğunu əlavə edib.

Lakin bunu etmək asan olmayacaq.

ABŞ-ın artıq Kabildə diplomatik nümayəndəliyi yoxdur və səfir Ross Vilson ölkəni sonuncu təyyarə ilə tərk edib.

Lakin Dövlət Departamentinin rəsmiləri avqustun 31-dən sonra Əfqanıstanı tərk etmək istəyənlərə konsulluq xidmətləri göstərməyə davam edəcəklərini bildirib.

Dövlət katibi Antoni Blinken bazar ertəsi Kabildə səfirliyin müəyyən vaxtdan sonra Talibanın davranışı və ümumi təhlükəsizlik vəziyyətindən asılı olaraq yenidən açıla biləcəyi ehtimalını dilə gətirib.

Taliban xarici dövlətlərdən təhlükəsizliyi təmin edəcəklərinə söz verərək, diplomatik missiyaları saxlamalarını istəyib.

Lakin Dövlət Departamentinin bildirdiyinə görə, ABŞ və onun beynəlxalq tərəfdaşları diplomatik nümayəndənliklər və tanınmaq məsələsində Talibanın "sözləri deyil, əməllərini" rəhbər tutacaq.

Rəsmilər Vaşinqtonun Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, Türkiyə, Qətər, Avropa İttifaqı və NATO daxil olmaqla, əsas tərəfdaşları ilə əlaqələndirilmiş bir yanaşma tətbiq edəcəyini bildirib.

Türkiyə Kabildə diplomatik fəaliyyətini davam etdirəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə mətbuatına açıqlamasında Türkiyənin Kabildəki səfirliyinin binasına qayıtdığını bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG