Accessibility links

Bayden: ABŞ-ın Ukraynaya qoşun yerləşdirməsi "nəzərdə tutulmur"


Ağ Evin verdiyi məlumata görə, prezident Co Bayden cümə axşamı Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiyanın Ukrayna ilə sərhədində hərbi gücünü artırması məsələsini müzakirə edəcək.

Daha sonra Bayden NATO-nun şərq cinahındakı müttəfiqləri "Bucharest Nine" (Buxarest Doqquzluğu) qrupunun liderlərinə zəng edərək, çərşənbə axşamı prezident Vladimir Putinlə virtual görüşü barədə məlumat verəcək və onların narahatlıqlarını dinləyəcək.

"Buxarest doqquzluğu" Bolqarıstan, Çex Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiyadan ibarətdir.

Çərşənbə günü Bayden Rusiyanın bu ölkəyə mümkün müdaxiləsinə qarşı Amerika qoşunlarının Ukraynaya yerləşdirilməsinə göstəriş verməyəcəyini deyib.

"Bu, nəzərdə tutulmur, Birləşmiş Ştatların Ukraynanı işğal edən Rusiyaya qarşı birtərəfli qaydada güc tətbiq edəcəyi ideyası hazırda aktual deyil. Lakin ciddi nəticələr olacaq” - deyə, Bayden Ağ Evin Cənub Bağçasında jurnalistlərə bildirib.

Bayden bu açıqlamasını Putinlə iki saat davam edən virtual görüşündən bir gün sonra verib. Həmin görüşdən sonra o, ABŞ və onun avropalı müttəfiqlərinin Moskvanın Ukrayna ilə paylaşdığı sərhədə qoşun yerləşdirməsinə görən “dərindən narahat olduqlarını” və ölkəni işğal edəcəyi təqdirdə Rusiyaya güclü iqtisadi sanksiyalarla cavab verəcəyini deyib.

Lakin ABŞ-ın qoşunlarını göndərməsi perspektivi olmasa belə, Ağ Ev və Pentaqonun yüksək səviyyəli rəsmiləri çərşənbə günü hələ də Vaşinqtonun Kiyevin müdafiəsini gücləndirə biləcəyi yolların olduğunu təkid edib.

"Ukraynanın özünümüdafiəsini gücləndirmək üçün təhlükəsizlik yardımını genişləndirməyin variantları var" - deyə, sursat, tank əleyhinə sistemlər, əks minaatan radarlar və digər imkanların verilməsinin davam etdirilməsinə işarə edən müdafiə nazirinin siyasət üzrə müşaviri Kolin Kal virtual təhlükəsizlik sammitində bildirib.

Bayden avqustun sonunda, Ukrayna prezidenti ilə Ağ Evdə görüşdən əvvəl Ukraynaya əlavə 60 milyon dollarlıq təhlükəsizlik yardımını təsdiqləyıb.

Pentaqonun mətbuat katibi Con Kirbi Pentaqonda jurnalistlərə açıqlamasında "Son avadanlıqlar Ukraynaya bu həftə çatacaq" deyib və əlavə edib ki, bu yardım paketinə atıcı silahlar və döyüş sursatları da daxildir.

ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putinin videokonfrans vasitəsilə keçirdiyi görüşü çərşənbə axşamı baş tutub.

Ağ Evdən verilən açıqlamada bildirirlir ki, görüş zamanı ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə deyib ki, "Birləşmiş Ştatlar Moskvanın Ukrayna yaxınlığında qoşun toplamasından “dərin narahatdır”. Bayden söz verib ki, Vaşinqton və onun müttəfiqləri “hərbi eskalasiya halında güclü iqtisadi və digər tədbirlərlə cavab verəcək”.

Açılamada bildirilir ki, "Prezident Bayden Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini təkrarlayıb və gərginliyin azaldılmasına və diplomatiyaya qayıtmağa çağırıb".

Görüşdən əvvəl Ağ Evin mətbuat katibi Cen Psaki bazar ertəsi deyib ki, Rusiyanın Ukraynanı işğal etdiyi təqdirdə "Biz müttəfiqlərimizlə əhəmiyyətli dərəcədə məsləhətləşmişik və Rusiya iqtisadiyyatına ciddi və ağır ziyan vuracaq bir yolumuz olduğuna inanırıq".

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG