Accessibility links

Bayden ABŞ-da koronavirusdan ölən yarım milyon insanın xatirəsini anıb


Birləşmiş Ştatlarda COVID-19-dan ölənlərin sayının 500 000 minə çatdığı vaxt ABŞ Prezidenti Co Bayden bazar ertəsi Ağ Evdə həyatını itirən insanların xatirəsini anıb.

Prezident Bayden, birinci xanım Cill Bayden, vitse-prezident Kamala Harris və onun həyat yoldaşı Daq Emhoff ölənlərin xatirəsini bir dəqiqəlik sükutla anıb.

Bundan bir neçə dəqiqə öncə Bayden Ağ Evin birinci mərtəbəsindəki salonda amerikalıların sükutla anıma qoşulmasını istəyib və koronavirus səbəbindən yaxınlarını itirənlərə müraciət edib.

"İnanılmaz görünür, lakin sizə söz verirəm ki, gün gələcək itirdiyiniz insanların xatirəsini gözünüzdə yaş, dodaqlarınızda təbəssümlə yad edəcəksiniz. Biz bunun öhdəsindən gələcəyik, söz verirəm" - deyə, Bayden müraciətində bildirib.

O, pandemiya şəraitində ölümün amansızlığından danışıb.

"Səbir göstərmək, sevdiklərimizin xatirəsini anmağımıza kömək edən bir çox tədbirlər var ki, pandemiya buna imkan vermir. Bir ölkə olaraq bunun davam etməsinə imkan verə bilmərik", Bayden bildirib.

Prezident bazar ertəsi federal binaların üzərindəki ABŞ bayraqlarının beş gün müddətinə yarıya endirilməsinə göstəriş verib.

Vaşinqtonda yerləşən Milli Kafedralda koronavirus səbəbindən həyatlarını itirənlərin xatirəsini anmaq məqsədilə 500 dəfə zəng çalıb.

Bir il əvvəl, çərşənbə axşamı Prezident Donald Tramp Hindistana yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərə "bunu nəzarət altında saxlaya bilmişik" demiş, "çox maraqlıdır, ölənlərimiz olmayıb" deyə, əlavə etmişdi.

Lakin ABŞ-da virusdan ilk ölüm halı prezidentin bu sözlərindən iki həftə əvvəl baş versə də, rəsmilər Kaliforniya ştatının San-Hose şəhərində 57 yaşlı Patrisia Doudun COVID-dən öldüyünü 2020-ci ilin aprel ayının 19-da təsdiq etdi.

Yarım milyon insanın həyatını itirdiyi və virusun müxtəlif variantlarının ortaya çıxdığı bir vaxt ABŞ-ın yüksək səviyyəli hökumət rəsmiləri tərəfindən nikbinlik ifadə edilir.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru, doktor Roşel Volenskinin dediyinə görə, ölkədə yeddi gün ərzində ölüm halları ilə bağlı göstəricilər azalmaqda davam edir.

Hazırda ölkə boyu COVID-19-a qarşı peyvəndləmə kampaniyası davam edir. Son günlərdə şaxtalı hava şəraitinin bəzi ştatlarda immunizasiya sürətini ləngitməsinə baxmayaraq, əhalinin təxminən 13 faizinə peyvəndin azı bir dozası vurulub.

Şərhlərə bax

XS
SM
MD
LG