Accessibility links

Bayden ABŞ Müdafiə naziri vəzifəsinə İraq və Əfqanıstan müharibələrinin veteran komandirini namizəd göstərib


ABŞ-ın təqaüddə olan ordu generalı Lloyd Ostin yeni seçilmiş prezident Co Baydenin müdafiə naziri vəzifəsinə seçimi olaraq Pentaqona qayıtmağa hazırlaşır və Senat tərəfindən təsdiqlənərsə, o bu vəzifəni tutan ilk afroamerikalı olacaq.

1953-cü ildə Alabama ştatının cənub-şərqində anadan olan və qonşu Corciya ştatında böyüyən Ostin 1975-ci ildə Vest Pointdə ABŞ Hərbi Akademiyasını bitirib və qırx illik karyerası boyunca Şimali Karolina ştatının Fort Breq şəhərində yerləşən əfsanəvi 82-ci hava-desant bölməsində döyüş dəstəyi alayının komandiri kimi başlayaraq yüksək rütbələrə qalxa bilib.

O, general-leytenant rütbəsinə yüksələrək, 2010-2011-ci illərdə ABŞ-ın müdaxiləsinin sona çatması və Amerikanın bütün hərbi qüvvələrinin ölkədən çıxarılmasına nəzarət etdiyi İraqda hərbi qüvvələrin komandanı olmazdan əvvəl ABŞ-ın Fort Breqdə komandanlığını qəbul edib.

Ostin hərbi karyerasını 2016-cı ildə İraq, Əfqanıstan, Yaxın Şərq və Cənubi Asiyada əməliyyatları əhatə edən ABŞ-ın olduqca mühüm Mərkəzi Komandanlığının komandiri olaraq başa vurub.

Lloyd Ostin həm mülki, həm də hərbi liderlər arasında zəkası və güclü liderlik keyfiyyətlərinə görə ilə təriflər qazanıb. ABŞ-ın o zamankı prezidenti Barak Obama Ostinin təqaüdə çıxmasından sonra bildirib ki, onun “xarakteri və səriştəsi Amerikanın hərbi liderlərindən nəyin tələb edildiyinə nümunədir”.

Ancaq 2015-ci ildə Suriyalı döyüşçülərin ordusuna təlim vermək üçün 500 milyon dollarlıq proqramın uğursuzluğuna görə o, millət vəkilləri tərəfindən güclü tənqidə məruz qalıb.

Dörd ulduzlu generalın karyerasında Pentaqonda iki rolu da əhatə edib – o, əvvəlcə 2009-2010-cu illərdə Baş Qərargah Rəisləri Heyətinin direktoru, daha sonra 2012-2013-cü illərdə Ordu Baş qərargah rəisinin müavini olub.

XS
SM
MD
LG