Accessibility links

Bayden ABŞ qüvvələrini Əfqanıstandan çıxarmaq üçün 31 avqust tarixinə sadiq qalacaq


ABŞ Prezidenti Co Bayden Birləşmiş Ştatlar əsgərlərinin Əfqanıstanı tərk etməsi üçün 31 Avqust tarixinə sadiq qalmağı planlaşdırır. Bu barədə administrasiya rəsmisi çərşənbə axşamı məlumat verib.

Taliban isə hər hansı dedlayn müddətinin uzadılmasına qarşı çıxıb.

Daha əvvəl G-7 ölkələri liderləri çərşənbə axşamı bir araya gələrək Əfqanıstandakı vəziyyəti müzakirə edib. Bir çoxları ölkədəki təxliyyə işini asanlaşdırmaq üçün, ABŞ prezidenti Co Baydenə 31 Avqust tarixindən sonra da ABŞ qoşunlarının orada qalması üçün müraciət edib.

"Dostlarımızdan və müttəfiqlərimizdən Əfqanıstan xalqının yanında olmalarını, qaçqınlara və humanitar yardımlara dəstək vermələrini xahiş edəcəyəm" – deyə, Britaniya Baş naziri Boris Conson virtual görüşdən əvvəl bildirib.

Baydenin seçdiyi son tarixin başa çatmasına bir həftə qalıb və ABŞ-ın səylərini dəstəkləyən on minlərlə qərb ölkələrinin vətəndaşları və əfqanlar qapılardan keçmək və uçuşlarını təmin etmək üçün Həmid Kərzai Beynəlxalq Hava Limanına doğru irəliləyiblər.

Ancaq bir çox əfqan hava limanının perimetrini təyin edən Taliban nəzarət keçid məntəqələrindən keçməyin çətin, hətta qeyri -mümkün olduğunu deyib. Taliban rəsmiləri isə yaxınlaşmaqda olan son tarixi "qırmızı xətt" adlandıraraq Birləşmiş Ştatlara daha çox güzəşt vermək istəmirlər.

"Biz Kabildə hazırda baş verənlərin hər tərəfi ilə əlaqədar siyasi və təhlükəsizlik yolları ilə taliblərlərlə gündəlik danışıqlar aparırırıq" – deyə, Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan Ağ Evdə bazar ertəsi jurnalistlərə verdiyi açıqlamada bildirib.

Avqustun 15-də Taliban qüvvələrinin Əfqanıstanın paytaxtına girməsindən sonra ABŞ qanunvericiləri, keçmiş hərbi rəsmilər və hətta bəzi ABŞ müttəfiqləri tərəfindən tənqidlər gəlməyə başladı.

"Əfqanıstanda vəziyyət gündən-günə pisləşir. Bayden administrasiyası Əfqanıstanda hələ də ilişib qalan amerikalıların təhlükəsiz şəkildə təxliyəsini birinci prioritet halına gətirməlidir" – deyə, bazar ertəsi Respublikaçı senator Mayk Raunds qeyd edib.

Ancaq təxliyə üçün yavaş başlanğıcdan sonra insanları ölkədən çıxarmaq səyləri sürətlənib.

ABŞ rəsmiləri bazar ertəsi son 36 saatda Əfqanıstandan hava yolu ilə 27 mindən çox şəxsin, o cümlədən ABŞ hərbi uçuşları ilə 17 mindən çox insanın təxliyə olunduğunu bildirib. Bu, ilk həftədə ölkədən çıxan insanlardan daha çoxdur.

XS
SM
MD
LG