Accessibility links

Bayden: Amerika əsgərlərinin Əfqanıstandan vətənə qayıtmasının vaxtı çatıb


Prezident Co Bayden çərşənbə günü amerikalılara ABŞ-ın bütün hərbi qüvvələrini 11 sentyabr tarixinə qədər Əfqanıstandan çıxaracağını deyərək bildirib ki, Dünya Ticarət Mərkəzi və Pentaqona edilən terror hücumlarından 20 il sonra orada qalmağa haqq qazandırıla bilməz.

"20 il əvvəl baş vermiş dəhşətli hücum səbəbiylə Əfqanıstana getdik. Bu, 2021-ci ildə orada qalmağımıza haqq qazandıra bilməz" - deyə, Bayden Ağ Evdən yayımlanan müraciətində bildirib.

"Biz fərqli bir nəticə gözləyərək geri çəkilməyimiz üçün ideal şərait yaratmağı ümid edərək, Əfqanıstandakı hərbi mövcudluğumuzu uzatmağa və genişləndirməyə davam edə bilmərik" deyə, Preziden Bayden vurğulayıb.

ABŞ lideri Əfqanıstanda Amerika hərbi qüvvələrinin mövcudluğuna nəzarət edən ikisi respublikaçı və ikisi demokrat olmaqla dördüncü prezident olduğunu bildirib və bu məsuliyyəti beşinciyə ötürməyəcəyinə söz verib.

“Müttəfiqlərimiz və tərəfdaşlarımız, hərbi liderlərimiz və kəşfiyyat mütəxəssislərimizlə, diplomatlarımız və inkişaf üzrə mütəxəssislərimizlə, Konqres və vitse-prezident Kamala Harris ilə yaxından məsləhətləşdikdən sonra mən belə bir nəticəyə gəldim ki, Amerikanın ən uzun müharibəsinə son qoymağın vaxtı gəlib çatıb. Amerika əsgərlərinin evə qatımasının vaxtı gəlib” - deyə, Co Bayden bildirib.

O, ABŞ-ın Əfqanıstanda diplomatik və humanitar işlərə davam edəcəyini və Kabil hökumətinə dəstək verəcəyini əlavə edib.

Bayden ABŞ və müttəfiqlərinin Əfqanıstanın təxminən 300 minə yaxın əsgərinin təlimlərinə və təchiz edilməsinə kömək edəcəyini, eləcə də Əfqanıstan hökuməti ilə Taliban döyüşçüləri arasında sülh danışıqlarına dəstək verəcəyini qeyd edib.

XS
SM
MD
LG