ABŞ Prezidenti Co Bayden şənbə günü Birinci Dünya Müharibəsi dövründə ermənilərin Osmanlı İmperiyası tərəfindən öldürülməsini soyqırım kimi tanıyıb.
Bayden bunu etməklə kampaniya vədini yerinə yetirmiş oldu. Bu açıqlama Ermənistanda və erməni diasporunun ermənilərin soyqırımının anım gününü qeyd etdiyi günə təsadüf edib.
“Biz hər il bu gündə Osmanlı dövründə ermənilərin soyqırımı zamanı ölənlərin xatirələrini yad edirik və bu cür vəhşiliyin bir daha təkrarlanmasın qarşısını almaq üçün üzərimizə öhdəlik götürürük. Amerika xalqı 106 il öncə bu gün baş verən soyqırımda ölən erməniləri şərəfləndirir,” Bayden bəyanatında bildirib.
Türkiyə Xarici İşlər Nazirliyi isə Baydenin bəyanatını rədd edərək, onun hər hansı bir elmi və ya hüquqi əsasın olmadığını və dəlillərlə dəstəklənmədiyini bildirib.
"ABŞ prezidentinin 1915-ci il hadisələri ilə bağlı radikal erməni dairələrinin və Türkiyə əleyhinə qrupların təzyiqi altında 24 apreldə verdiyi açıqlamanı rədd edirik və qəti şəkildə pisləyirik" nazirliyin açıqlamasında bildirilib.
Ermənistan Xarici işlər Nazirliyi yaydığı bəyanatda Prezident Baydeninin erməni soyqırımını tanımasını alqışlayıb. Nazirlik bu bəyanatın erməni soyqırımının dünya boyu tanınmasına və soyqırımların qarşısının alınmasına töhvə verdiyini bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ prezidetinin erməni anım günü münasibətilə yaydığı bəyanata verdiyi şərhdə “tarixi həqiqətlərin təhrif olunması” ilə bağlı təəssüf hissini ifadə edib.
“Qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirənlər, həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir" nazirliyin bəyanatında deyilir.
Bayden ötən il seçki kampaniyası zamanı “erməni soyqırımını tanıyan qətnaməni dəstəkləyəcəyini və universal insan hüquqlarını baş prioritet edəcəyini” bildirmişdi.
Çərşənbə günü ABŞ Nümayəndələr Palatasının hər iki partiyadan olan 100 üzvündən ibarət bir qrup Baydenə ünvanladığı məktubda onu hadisələri soyqırım kimi tanıyan ilk ABŞ prezidenti olmağa çağırmışdı.
“Birləşmiş Ştatlar hökuməti çox uzun müddət erməni soyqırımı ilə əlaqəli tarixi faktla bağlı biabırçı şəkildə səssiz qalıb və buna artıq son qoyulmalıdır,” qanunvericilər yazıb. “Biz Sizi vədlərinizi yerinə yetirməyə və həqiqəti dilə gətirməyə çağırırıq.”
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu həftə deyib ki, Baydenin qətlləri soyqırım kimi tanıması NATO müttəfiqləri arasında münasibətlərə ziyan vuracaq.
Bir sıra tarixçilər deyir ki, 1915-ci illə 1923-cü illər arasında müasir Türkiyədən öncə mövcud olan Osmanlı İmperiyasında 1.5 milyon erməni öldürülüb.
Ermənilər onların aclıq, məcburi əmək, deportasiya, ölüm yürüşləri və qırğınlar vasitəsilə bilərəkdən məhv edilmək üçün hədəf alındıqlarını deyir.
Türkiyə soyqırımın və ya erməniləri yox etmək üçün hər hansı məqsədli planın olduğunu inkar edir. Rəsmi Ankara deyir ki, ölənlərin çoxu ya müharibə qurbanı olub, ya da ruslar tərəfindən öldürülüb. Türkiyə həmçinin bildirir ki, öldürülən ermənilərin sayı 1.5 milyondan xeyli az olub.