Accessibility links

Bayden "Amerikanın ən uzun müharibəsinə" son verdiyini elan edir


Bayden "Amerikanın ən uzun müharibəsinə" son verdiyini elan edir
please wait

No media source currently available

0:00 0:02:41 0:00

ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların hərbi qüvvələrinin sentyabrın 11-nə qədər Əfqanıstandan çıxarılacağını elan edib. Tramp administrasiyası və Taliban arasında keçən il əldə edilmiş razılığa görə, ABŞ hərbi qüvvələri ölkədən mayın 1-nə qədər çıxarılmalı idi. Ağ Evdə danışan prezident Bayden Amerika əsgərlərinin vətənə qayıtmasının vaxtının gəldiyini deyib.

Birləşmiş Ştatlar 20 il ərzində trilyon dollar sərf etdikdən, 2300 Amerika əsgəri və on minlərlə əfqan həyatını itirdikdən sonra hərbi qüvvələri Əfqanıstandan çıxarır.

“Biz müharibəyə aydın məqsədlərlə getmişdik. Biz bu məqsədlərə nail olduq. Bin Laden ölüb və Əl-Qaidə İraq və Əfqanıstanda tənəzzülə uğrayıb. Bu sonsuz müharibəyə son qoymağın vaxtıdır”, prezident Bayden bildirib.

ABŞ prezidenti Birləşmiş Ştatların ölkədə sığınacaq tapan Əl-Qaidə terrorçu qrupunun hücumlarının ardınca Əfqanıstana müdaxiləsindən 20 il sonra ABŞ-ın 2500 nəfərlik əsgəri qüvvəsinin Əfqanıstandan bütünlüklə çıxarılacağını elan edib. Tramp administrasiyası bundan öncə Əfqanıstana nəzarət edən Taliban müsəlman fundamentalist qrupunun Əl-Qaidə ilə əlaqələri kəsməsi şərti ilə hərbi qüvvələrin ölkədən çıxarılması üçün mayın 1-i müddətini təyin etmişdi.

Bayden əsgəri qüvvənin çıxarılması üçün şərt irəli sürməyərək, müharibəyə davam edib, fərqli nəticələr gözləməyin mənası olmadığını bildirib.

Bəzi Respublikaçılar Talibanın nəzarəti bərpa edəcəyini və Əfqanıstan və ABŞ-ın maraqlarına zərər vuracağını bildirir.

“Prezident Bayden təəssüf ki, mövcud olan ən yüksək riskli variantı seçdi, bu da nə olursa olsun, çıxmaqdır”, Respublikaçı senator Lindsi Qraham bildirib.

NATO Birləşmiş Ştatlar ilə koordinasiya edərək, 10 min əsgərinin mayın 1-nə qədər Əfqanıstandan çıxarılacağını elan edib.

“Talibanın hərbi qüvvələrimizə qarşı bu müddətdə hər hansı hücumu qətiyyətli cavabla qarşılanacaq”, NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

Bayden ABŞ-ın və müttəfiqlərinin Əfqanıstanın təxminən 300 min nəfərdən ibarət hərbi qüvvələrinə təlim və təchizatı, eləcə də humanitar səyləri və diplomatik danışıqları davam etdirəcəyini bildirib.

“Biz Əfqanıstan hökuməti və Taliban arasında BMT-nin vasətiçiliyi ilə sülh danışıqlarını dəstəkləyəcəyik və əfqan qadın və qızların hüquqlarını dəstəkləməkdə davam edəcəyik”, prezident Co Bayden bildirib.

Baydenin hərbi qüvvələrin may ayında deyil, sentyabrda çıxarılması haqda qərarına cavab olaraq Talibanın xəbərdarlıq verməsi, zorakılıqlar və Əfqanıstan hökumətinin çökə bilməsi ilə bağlı narahatlıqların artmasına səbəb olub.

“Yəqin ki, zorakılıqların səviyyəsini əhəmiyyətli dərəcədə azaldacaq bir seçim yoxdur. Bundan əlavə, ABŞ-ın müharibəyə trilyon dollardan çox vəsait sərf etdiyi zaman istədiyi kimi Əfqanıstanın qurulması üçün də seçim yoxdur. Bəli, bu, bəlkə də bir sıra pis seçimlərin ən yaxşısıdır”, Çikaqo Universitetinin professoru Ostin Rayt bildirib.

Talibanla danışıqlar aparmaq üçün yaradılan qurum olan Əfqanıstan Sülh Şurası bu ayın sonunda Türkiyədə bir araya gəlməlidir, lakin sülh perspektivləri zəif görünür.

Bayden açıqlama verdikdən sonra müharibədə həlak olmuş əsgərlərin xatirəsinə ehtiram bildirmək üçün Arlinqton Milli Xiyabanını ziyarət edib.

XS
SM
MD
LG