Accessibility links

Bayden G-7 sammitində iqtisadiyyat, peyvənd və Çini diqqət mərkəzində saxlayacaq


ABŞ prezidenti Co Bayden cümə günü Böyük Yeddilər Qrupunun (G-7) liderləri ilə koronavirusu məğlub etmək, dünya iqtisadiyyatını yenidən canlandırmaq və eləcə də Çinin yaratdığı çətinliklərə qarşı mübarizə planlarını müzakirə etmək üçün ilk görüşə qatılacaq.

COVID-19 pandemiyası dünya boyu 2.4 milyon insanın ölümünə səbəb olub, qlobal iqtisadiyyatı Böyük böhrandan bəri ən ağır tənəzzülə uğradıb.

Ağ Evin sözçüsü Cen Psaki cümə axşamı bildirib ki, Bayden "peyvənd istehsalı, tədarükü, paylanması da daxil olmaqla pandemiyaya qarşı qlobal reaksiyaya diqqət ayıracaq".

Psaki deyib ki, Bayden "eyni zamanda, bütün sənaye ölkələrinin bərpa üçün iqtisadi dəstəyin davam etdirməsinin əhəmiyyəti də daxil olmaqla, qlobal iqtisadi dirçəlişi müzakirə edəcək" və "Çinin yaratdığı iqtisadi problemlərin öhdəsindən gəlmək üçün qlobal rolların yenilənməsinin əhəmiyyətini müzakirə edəcək".

Vaşinqton saatı ilə səhər 9-da başlayan G-7 sammiti Baydenin sələfinin "Amerika Birinci" siyasətindən dörd il sonra dünya və qlobal qurumlarla yenidən əlaqələr qurmaq məqsədi ilə mesajlar verməsi üçün bir şansdır.

Baydendən başqa İtaliyanın baş naziri Mario Dragi də liderlərin virtual görüşündəki yeni simadır.

Böyük Yeddilər Qrupuna (G-7) sədrlik edən və Brexit-dən sonra özünü yenidən qaydalara əsaslanan beynəlxalq sistemin idarəçisi kimi göstərməyə çalışan Britaniya üzv ölkələri növbəti 100 gün ərzində peyvəndlərin istehsalını sürətləndirməyə çağıracaq.

Baş nazir Boris Conson Brexit-i dəstəkləməyən və ötən ay prezidentliyə namizəd ikən Britaniyaya İrlandiyada sülhə təlhükə yaratmamaqla bağlı xəbərdarlıq edən Co Baydenlə əlaqələr yartamaq niyyətindədir.

Conson COVID-19 -dan sonra şəffaflığı təmin etmək üçün pandemiyaya dair qlobal əməkdaşlıq fikri ilə maraqlandığını bildirib.

ABŞ rəsmiləri cümə axşamı həmçinin bildirib ki, ABŞ rəhbərliyi kasıb ölkələrə koronavirus peyvəndi çatdırmaq proqramını dəstəkləmək üçün 4 milyard dollar ianə verəcək və digər ölkələrdən də bu addımın atılacağına ümid edir.

Ümumdünya Səhiyyə Təşkilatının COVAX qlobal peyvənd proqramına 548 milyon paund (766 milyon dollar) ianə verməyi vəd edən Britaniya G-7-dəki digər tərəfdaşlarını daha çox pul verməyə çağıracaq.

Bu arada Çin də sammitdə müzakirə mövzusudur.

Bayden prezident kimi etdiyi ilk böyük xarici siyasət çıxışında Çini ABŞ-ın "ən ciddi rəqibi" bəyan edib.

Fevralın 4-dəki çıxışı zamanı Bayden "Biz Çinin iqtisadi sui-istifadə halları, təcavüzkar və məcburedən hərəkətlərinə qarşı çıxacağıq. Çinin insan haqlarına, əqli mülkiyyətə və qlobal idarəetməyə etdiyi hücüma müqavimət göstərəcəyik" deyə bildirib.

ABŞ Tramp administrasiyası tərəfindən Çin mallarına tətbiq olunan tarifləri hələlik qüvvədə saxlayacaq. Maliyyə katibi Canet Yellenin bildirdiyinə görə, hərtərəfli araşdırmadan sonra bu məsələyə yenidən baxılacaq.

Böyük Yeddilərə daxil olan Amerika Birləşmiş Ştatları, Yaponiya, Almaniya, Britaniya, Fransa, İtaliya və Kanada ümumilikdə 40 trilyon dollarlıq ümumi daxili məhsulla sahibdir ki, bu da dünya iqtisadiyyatının təxminən yarısına bərabərdir.

XS
SM
MD
LG