Accessibility links

Bayden administrasiyası Əfqanıstana 300 milyon dollarlıq əlavə yardım ayıracaq


ABŞ Dövlət katibi Entoni Blinken Bayden administrasiyasının Konqreslə birlikdə 2021-ci ildə Əfqanıstana təxminən 300 milyon dollar əlavə yardım ayırmaq üçün çalışdığını deyib.

"Yardım son 20 ildə əldə edilən nailiyyətlərin davamı və inkişaf etdirilməsi məqsədi ilə Əfqanıstan vətəndaşları üçün zəruri xidmətlərin yaxşılaşdırılması, iqtisadi inkişafın təşviqi, korrupsiya və narkotik mallar alveri ilə mübarizə, səhiyyə və təhsil xidmətlərinin yaxşılaşdırılması, qadın haqlarının gücləndirilməsinə dəstək, münaqişələrin həlli mexanizmlərinin genişləndirilməsi və Əfqanıstan vətəndaş cəmiyyəti və müstəqil medianın gücləndirilməsi üçün nəzərdə tutulub" - deyə, Blinken açıqlamasında bildirib.

Belə bir qərar ABŞ və NATO-nun bütün qoşunlarını Əfqanıstandan çıxaracaqlarını elan etmələrindən sonra verilib. Prezident Co Bayden ABŞ hərbi qüvvələrinin Əfqanıstandan sentyabrın 11-nə qədər çıxacağını deyib.

Blinken terrorçuların qaçırılan təyyarələrlə Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinə, Pentaqona və Pensilvaniya ştatına 11 sentyabr hücumlarından sonra 2001-ci ildən bəri ABŞ əsgərlərinin yerləşdirildiyi ölkəni Vaşinqtonun sadiq qalacağına inandırmaq üçün keçən həftə Əfqanıstana gözlənilməz səfər edib.

Baydenin sələfi Donald Tramp vəzifədə olarkən Talibanla danışıqlar zamanı ABŞ qüvvələrinin mayın 1-nə qədər ölkədən çıxarılacağı ilə bağlı razılıq əldə etmişdi. Baydenin vaxtı uzatması Talibanın qəzəbinə səbəb olub və qrup bunun razılığın pozulması olduğunu deyib.

Əfqanıstanda olduğu müddət ərzində ABŞ-ın 2200-dən çox əsgəri öldürülüb, 20000 əsgəri yaralanıb. Təxminlərə görə, ən uzun sürən bu müharibəyə ABŞ 1 trilyon dollardan çox pul xərcləyib.

Dünya Bankının bildirdiyinə görə, əfqanların yarısından çoxu gündə 1,90 dollardan az pul qazanır. Georgetoun Qadınlar, Sülh və Təhlükəsizlik İnstitutu Əfqanıstanın qadın hüquqlarına görə ən pis ölkələrdən biri hesab edir.

Şərhlərə bax

XS
SM
MD
LG