Accessibility links

Bayden Putinlə zirvə görüşü ərəfəsində Cenevrəyə gedib


ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı Cenevrəyə gedib. O, iyunun 16-da Rusiya Prezidenti Vladimir Putin ilə ilk zirvə görüşü keçirəcək.

Brüsseldən gələn Baydenin təyyarəsi Kuantrenin hava limanına enib. Prezident oradan qalacağı sıx mühafizə olunan bir otelə gedəcək. Orada İsveçrə Prezidenti Qi Parmelin ilə də danışıqlar aparacaq.

Xatırladaq ki, İsveçrə ABŞ-ın İrandakı maraqlarını təmsil edir.
Cenevrədəki jurnalistlər Baydendən zirvəyə hazır olub-olmadığını soruşduqda, prezident "hər zaman hazıram" cavabını verib.

Bu arada Bayden administrasiyasının yüksək səviyyəli bir rəsmisi çərşənbə axşamı Ağ Evin Putinlə görüşdən çox şey gözləmədiyini deyib.

"Bu görüşdən böyük nəticələr gözləmirik" - deyə, mənbə prezident təyyarəsi Cenevrəyə eniş edərkən bildirib.

Daha əvvəl də xəbər verildiyi kimi Bayden və Putin arasındakı danışıqlar Cenevrə gölünə baxan on səkkizinci əsrə aid bir villada baş tutacaq. İsveçrə polisi və hərbçiləri Villa La Qranceni əhatə edən iki parkı bağlayıblar və ətrafına çəpər çəkiblər.

Ağ Ev bildirib ki, danışıqlar 4-5 saat və ya daha uzun sürəcək. Birgə nahar planlaşdırılmır. Görüşün sonunda Putin, ardından Baydenin mətbuat konfransı keçiriləcək.

Görüş yerinə əvvəlcə saat 13:00 radələrində ilk olaraq Putin gələcək. Bayden daha sonra gələcək, bundan sonra iki lider İsveçrə prezidenti ilə görüşəcəklər.

Jurnalistlər daha sonra bir neçə sual vermək fürsəti əldə edəcəklər, ancaq yalnız Parmelinin danışması gözlənilir.

Daha sonra məhdud iştirakçı ilə yalnız iki prezidentin, Dövlət katibi Antoni Blinken və Rusiya Xarici İşlər naziri Sergey Lavrovun və tərcüməçilərin iştirak edəcəyi bir görüş olacaq.

Bundan sonra iştirakçıların tərkibi genişləndiriləcək: iki prezident və beş nümayəndə heyətinin üzvü. Digər üzvlərin adları hələ açıqlanmayıb.

Danışıqlarda 2026-cı ilin fevralında sona çatacaq START III-ün gələcəyi və daha kiçik silahlara nəzarət müqavilələri daxil olmaqla, nüvə sabitliyi məsələsi müzakirə ediləcək.

Kiber təhlükəsizlik probleminə, o cümlədən Rusiyadakı cinayətkar kiber qruplara sığınmağı dayandırmağın zəruriliyinə və yeni hücumlar baş verəcəyi təqdirdə, ABŞ-ın mümkün reaksiyasına da toxunmaq planlaşdırılır. “Biz reaksiya göstərəcəyik” - deyə, Ağ Ev vurğulayıb.

ABŞ administrasiyası Baydenin insan haqları mövzusunu müzakirə etməyi planlaşdırdığını, bununla birlikdə Qərbin taleyindən narahat olduğu Rusiya müxalifət lideri Aleksey Navalnı məsələsinə toxunulacağı ilə bağlı heç nə deməyib.

XS
SM
MD
LG