Accessibility links

Bayden COVID, iqlim dəyişikliyi və digər məsələləri müzakirə etmək üçün Trüdo ilə virtual görüş keçirir


ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı Kanadanın Baş Naziri Castin Trüdo ilə virtual görüş keçirir. Bu, Baydenin vəzifəyə başladığı gündən bəri xarici ölkə lideri ilə ilk ikitərəfli görüşüdür.

Jurnalistlərlə anonim şəkildə danışan Bayden administrasiyasının rəsmisinin sözlərinə görə, iki lider Donald Trampın ABŞ prezidenti olduğu dörd il ərzində gərginləşən münasibətləri yenidən qurmağa çalışaraq, Çinlə bağlı vəziyyət, iqlim dəyişikliyi və digər məsələləri müzakirə etməyi planlaşdırır.

Sözügedən rəsmi jurnalistlərə Baydenin iqlim dəyişikliyi və koronavirusla bağlı təhlükələr, eləcə də Çin, İran, Şimali Koreya və Rusiyanın yaratdığı təhdidləri müzakirə etmək niyyətində olduğunu deyib.

Baydenin bu yaxınlarda Trüdonu “məyus edən” addım ataraq, Kanadadan ABŞ-a neft nəql etmək üçün 8 milyard dollar dəyərində olan Keystone XL boru kəməri layihəsini bloklayıb və ABŞ-ın daha çox maliyyə vəsaitinin yerli istehsalçıları dəstəkləmək üçün sərf edilməsini nəzərdə tutan “Amerika istehsalını alın” sərəncamı imzalayıb.

Ağ Evin sözçüsü Cen Psaki görüş zamanı Baydenin boru kəməri məsələsi ilə bağlı mövqeyində “heç bir dəyişiklik gözlənilmədiyini” deyib.

Görüşdən əvvəl Kanada hökumətində anonim olaraq danışan mənbəyə görə, Trüdo Kanadanın ABŞ-la COVID-19, xarici siyasət, iqlim dəyişikliyi və digər mövzularda tərəfdaş olduğunu göstərməyi planlaşdırır.

Trüdonun Kanadanın vaksinasiya proqramı üçün ABŞ-ın orta qərbində yerləşən Miçiqan ştatında Pfizer peyvəndinin istehsal müəssisəsindən COVID peyvəndləri almasına icazə verilməsini təkrar təklif edəcəyi aydın deyil.

Trüdo ilk dəfə bu məsələni ötən ay telefon danışığı zamanı qaldırmışdı. Bayden administrasiyasının yüksək səviyyəli rəsmisi buna baxmayaraq, Baydenin ilk növbədə əsas diqqəti ABŞ-da insanların vaksinasiya edilməsinə yönəltdiyini deyib.

Kanada adətən ABŞ-da yeni seçilmiş prezidentin xarici səfərinin ilk dayanacağı olub, lakin COVID-19 səbəbindən ikitərəfli görüş virtual keçirilir.

Rəsmilər Bayden və Trüdonun görüşdən əvvəl və sonra mətbuata açıqlamalar verəcəklərini qeyd ediblər.

Bayden administrasiyası çox güman ki, görüşdən sonra iki ölkə arasında geniş məsələlərlə bağlı əməkdaşlığa dair sənədin ictimaiyyətə açıqlanacağını bildirib.

XS
SM
MD
LG