Accessibility links

Bayden: Etiraz etmək Sanders tərəfdarlarının hüququdur


ABŞ-ın vitse-prezidenti Co Bayden çərşənbə axşamı Demokrat partiyasının qurultayının keçirildiyi Wells Fargo arenasına gəlib. Bayden bir qrup tələbə ilə görüşüb, arenada olan Amerika veteranlarını salamlayıb. `Ölkəyə xidmətə görə sizə təşəkkür edirik`vitse-prezident veteranlarla görüşərək deyib.

Qurultayın keçirildiyi arenada olan jurnalistlər vitse-prezident Baydenə seçki ilə bağlı suallar verib. Berni Sanders tərəfdarlarının etirazları ilə bağlı sualın cavabında Bayden onların sonda Hillari Klintona səs verəcəyinə inandığını deyib.

`Sanders tərəfdarlarının inadkarlıq göstərmək hüququ var. Hər şey yaxşı olacaq. Onlar çox işləyib, biz də bir az klass göstərib onların narazı qalmasına imkan verməliyik. Bu, normaldır. Amma onların hamısı Hillariyə səs verəcək. Siz elə bilirsiniz ki, onlar durub Trampa səs verəcək? Etirazlarda olanlardan kiminsə Trampa səs verəcəyinə inanan varsa əlini qaldırsın.`

Demokrat partiyasının Filadelfiyada qurultayının açılışı Klintonun seçkidə rəqibi olmuş Berni Sanders tərəfdarlarının etiraz nümayişləri ilə müşayiət olub. Sanders qurultayın ilk günü çıxışında tərəfdarlarını Hillari Klintonun namizədliyi ətrafında birləşməyə və ona səs verməyə çağırıb. Mediada verilən məlumatlara görə, Hillari Klintonun kampaniyası Berni Sanderslə onun qurultaydakı tərəfdarlarının narazılıqları ilə bağlı məsələləri müzakirə edir. Klintonun kampaniyası qurultayın birlik şüarı altında keçməsinə səy göstərir.

Vitse-prezident Bayden Demokrat partiyasının qurultayının üçüncü günü nitq söyləyəcək. Həmin gün onunla bərabər ABŞ prezident Barak Obama da demokratların namizədi Hillari Klintona dəstək bildirəcək.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG